Biləcəri stansiyasında dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı sürətlə icra olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində, "Azərbaycan Dəmir Yolları" QSC-nin daxili imkanları hesabına bu gün Biləcəri stansiyasında 800 metr yolun əsaslı, bir ədəd yoldəyişdirici qurğunun cari təmirinə başlanılıb. Təmir işləri iki gün davam edəcək.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb və 400 metr köhnə yol artıq sökülüb.

Qeyd edək ki, mart ayının birinci ongünlüyündə Güzdək stansiyasında 2375 metr yol əsaslı təmir olunub.

AzNews.az