00:18
(077) 610-22-33

Sahibkarlara 1 həftə vaxt verildi: Aksiyada saxlanılanlar var- Yenilənib- 3 (Foto+ Video)

  • >
7 502 11 Mart 2014 11:48 | Hadisə

"Bakı Metropoliteni" QSC-nin stansiyalarının yeraltı keçidlərində fəaliyyət göstərən ictimai-iaşə xidmətləri və ticarət köşklərinin söküntüsünə başlanılıb.

AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl ticarət köşklərinə fəaliyyətlərini dayandırmalarına dair xəbərdarlıq edilib.

Bu gün səhər saatlarından başlayaraq isə artıq metronun "Nərimanov" və "Gənclik" stansiyalarında köşklərin sökülməsinə başlanılıb. Köşk sahibləri isə "Bakı Metropoliteni" QSC-nin yeni rəhbərliyinin bu qərarını narazılıqla qarşılayıblar. Sahibkarlar bu ayın icarə haqqını ödədiklərini də deyirlər.

Lakin sahibkarlara köşklərdə olan malların toplanması üçün bir neçə saat vaxt verilib.

***

Bakı metrosunda ticarətlə məşğul olan sakinlər obyektlərinin sökülməsinə etiraz ediblər.

"Qafqazinfo" "Xeberdar.az"a istinadən xəbər verir ki, hazırda Metronun Elmlər Akademiyası stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

Gənclik metrosundan Əzizbəyova qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib.

Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar Elmlər Akademiyası metrosunda toplaşıblar.

Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb.

"Qafqazinfo" xəbər verir ki, metro keçidlərində yerləşən ticarət mərkəzləri uzun illərdir ki, fəaliyyət göstərir. Bu ticarət obyektlərinin sahibi Metropolitenin bir neçə həftə əvvəl vəzifəsindən azad olunan Tağı Əhmədovdur. Keçidlərdəki köşklər, oradan yığılan böyük məbləğlərdə kirayə haqları ilə bağlı dəfələrlə mətbuatda xeyli yazı dərc olunub və qeyd olunurdu ki, həmin vəsaitlər birbaşa Tağı Əhmədovun gəlirləri sırasına daxildir.

İndi isə görünür ki, Metropolitenin yeni rəhbərliyi yeraltı dünyanı öz nəzarətinə götürmək, yaxud da uzun illərdən bəri mövcud olan bu bazarları ləğv etmək, qayda-qanun, səliqə-sahman yaratmaq istəyindədir. Hər halda sədrin niyyətinin nədən ibarət olduğu yaxın günlərdə məlum olacaq.(11.29)

***
"Bakı Metropoliteni" QSC-ın metro stansiyalardakı ticarət köşklərinin bağlanmasına etiraz edən sahibkarlar qurumun yerləşdiyi "Elmlər Akedemiyası" stansiyasının qarşısına toplaşıblar.

AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, narazı köşk sahibləri ticarət obyektlərinin sökülməsinə etiraz etməklə yanaşı, onlara dəyən ziyanın ödənilməsini də tələb edirlər. Şikayətçilər bildirir ki, bir çoxu ticarət köşkünün tikilməsi üçün müəyyən miqdarda vəsait xərcləyib.

Lakin həmin xərc nəzərə alınmadan obyektin sökülməsinə dair qərar verilib. Bu isə düzgün deyil. Etiraz edən sahibkarlar həmin xərcin kompensasiya edilməsini də "Bakı Metropoliteni" QSC-dən tələb edirlər.

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarının keçidlərində 2500-ə yaxın ticarət köşkü fəaliyyət göstərir.(12.26)

***

"Bakı Metropoliteni" QSC-ın stansiyalarındakı ticarət köşklərinin bağlanmasına etiraz edən obyekt sahiblərinə mallarını yığışdırmaları üçün 1 həftə vaxt verilib.

AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, bunu "Bakı Metropoliteni"nin nümayəndəsi etiraz edənlərlə söhbəti zamanı deyib.

Daha sonra isə polis etiraz edən köşk sahiblərini ərazidən uzaqlaşdırmağa və aksiyanı dağıtmağa başlayıb. Aksiyada 3 sahibkar saxlanılıb.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-ın stansiyalardakı ticarət köşklərinin bağlanmasına etiraz edən sahibkarlar qurumun yerləşdiyi "Elmlər Akedemiyası" stansiyasının qarşısına toplaşıblar.

Narazı köşk sahibləri ticarət obyektlərinin sökülməsinə etiraz etməklə yanaşı, onlara dəyən ziyanın ödənilməsini də tələb edirlər.

Video islamazeri.az saytına məxsusdur



Azər
AzNews.az
Bağla X