Güclü külək əsəcək

Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı gözlənilir. Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.
Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək.
Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq.

Aran rayonlarında martın 13-də havanın temperaturu gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gğözlənilir. Gözlənilən hava proqnozu mart ayı üçün normal sayılır.

Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək.

AzNews.az