Azərbaycanlı üçəmlər İranda girov saxlanılır

Azərbaycanlı ailə İran İslam Respublikasının Rəşt şəhərindəki məşhur Beynəlxalq Həzrəti Qaim Xəstəxanasında "girov" saxlanılır. Bu barədə xəbəri İnterpress.az-a ailənin yaxınları verib.

Günay Həsənova ailə qurduqdan 17 il sonra ana olub. 17 il ana olmaq arzusuyla Azərbaycanda müxtəlif xəstəxanaların qapısını döysə də, istəyinə nail olmayıb. Həzrəti Qaim Xəstəxanasında müalicə aldıqdan sonra ana olan Günay Həsənovanın xəstəxanaya xeyli borcu qalıb. O, kömək üçün Azərbaycanın İrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, eyni cavabı alıb: "Pulumuz yoxdur, sənə kömək edə bilmərik".

Səfirlikdən kömək olmayacağını görən G.Həsənova SəhərTV-yə müraciət edib. Telekanal isə kömək üçün İmam Xumeyni adına İmdad Komitəsinə müraciət edib.

Xarici ölkədə xarici təşkilatdan imdad gözləyən Günay Həsənova təkcə maddi imkansızlığın deyil, daşürəkli adamların məsuliyyətsizliyinin də əzabını çəkir. 17 ildən sonra ana olan bu xanım üzləşdiyi çətinliklər ucbatından analıq sevincini də doyunca yaşaya bilmir.

Xarici ölkənin səhiyyəsindən yararlanan G.Həsənova dünyaya üç Azərbaycan vətəndaşı gətirib. Ən azından buna görə, bu xanıma yardım etməyə tələsək!