Külək cənub rayonlarında dağıntılara səbəb oldu – İşıqlar kəsildi


Azərbaycanın cənub bölgəsində ötən gündən başlayan güclü külək dağıntılara səbəb olub.

AzNews.az-ın verdiyi məlumata görə, Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarında güclü külək nəticəsində yaşayış evlərinin dam örtükləri sıradan çıxarıb. Həmçinin, işıq dirəklərinin aşması nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Yardımlı rayonunda isə vəziyyət daha acınacaqlı olub. Rayon ərazisində son sutka ərzində elektrik enerjisi olmayıb. Xəbər Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiqlənib. İcra hakimiyyətindən AzNews.az-a bildirilib ki, dəyən ziyanın fəsadlarını aradan qaldırılması üçün yerli icra qurumları və Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsi tərəfindən müvafiq işlər aparılır.

"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova isə bildirib ki, təbii fəlakət FHN-nin yerlərdəki komissiyaları tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Lakin F. Behbudova elektrik enerjisinin verilməsində ciddi problemlərin olduğu rayonların adlarını deməkdən imtina edib.

Amid Əyyuboğlu
AzNews.az