Şamaxıda bədbəxt hadisə: 2 nəfər torpaq uçqunun altında qaldı

Şamaxıda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalaraq dünyasını dəyişib.

APA-nın məlumatına görə hadisə bu gün axşam saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb. Şamaxı-Pirqulu yolunun kənarında salınan yeni yaşayış massivinə su-kanalizasiya xəttinin çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin iki işçisi bədbəxt hadisə nəticəsində ölüb.

Məlumata görə boru xəttinin çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan xəndəyin divaları qəflətən uçub və orada qaynaq işləri görən Şamaxı şəhər sakini 1970-ci il təvəllüdlü Şirəliyev Aydın Vaqif oğlu və rayonun Carhan kənd sakini 1971-ci il təvəllüdlü Söhbətov Müslüm Alı oğlu torpağın altında qalıb.

Dərhal əraziyə FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Bir saat ərazində torpağın altında qalan hər iki şəxs dünyasını dəyişib. Onların cəsədləri çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az