09:56
(077) 610-22-33

MTN və nazirlik saxta dərmanlarla bağlı birgə məlumat yaydı

  • >
723 19 Mart 2014 13:37 | Hadisə

Azərbaycan Respublikasının vətəndaşlarının həyat və sağlamlığının, sosial sahədə təhlükəsizliyin etibarlı təmin olunması dövlətin prioritet vəzifələrindəndir və bununla bağlı müxtəlif hüquqazidd əməllərin, o cümlədən saxta dərman vasitələrinin hazırlanmasının və qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilmiş birgə tədbirlərlə insanların sağlamlığının qorunması işini tənzimləyən qaydaların kobud surətdə pozulması ilə bağlı fakt aşkarlanmışdır. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta dərman vasitələri hazırlayaraq satışını həyata keçirmək niyyətində olan şəxslər müəyyənləşdirilmiş, qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınmışdır.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı, Ağsu rayon sakini, 1971-ci il təvəllüdlü, ixtisasca ali təhsilli əczaçı Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı "no-şpa", "bromqeksin", "seftriakson" tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı "Primavir", "Sefoqram", "Pulmaksol" və sair adla hazırlayaraq satışını təşkil etməyə cəhd göstərib.

"Primavir", "Sefoqram" və "Pulmaksol" adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayon ərazisində yaşayan, 1985-ci il təvəllüdlü, Müzəffərov Polad Tofiq oğluna məxsus mətbəədə hazırlanaraq çap olunub. Qanunazidd əməllərini ört-basdır etmək məqsədilə Polad Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırmış, lakin hadisə yerinin müayinəsi zamanı saxta dərman vasitələrinin hazırlanmasına aid həmin mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkar edilərək götürülüb.

Keçirilmiş baxış zamanı qanunsuz dərman vasitələrinin istehsalına dair çoxlu sayda, o cümlədən saxta dərman vasitələrinin nümunələri, habelə içərisində şəffaf maye olan etiketsiz 3 min 600 ampula, 2 min 400 ədəd "Pulmoxol" dərman qutusu, onun üçün 5 min 480 etiket və 2 min 576 ədəd təlimat, 5 min ədəd "Primavir" dərman qutusu, onun üçün 86 min 30 ədəd etiket və 4 min 500 ədəd təlimat, 1400 ədəd "Sefoqram - 1q" dərman qutusu və onun üçün 1965 ədəd dərman etiketi, həmçinin 838 ədəd ampula üçün boş tara, dərman etiketlərinin hazırlanması üçün neqativlər, xüsusi avadanlıqlar və alətlər aşkarlanaraq maddi sübut kimi götürülmüş və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərilib.

Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az
Bağla X