Bakıda yaşıllıqlar məhv edilir: maşın yumaq üçün

Xətai rayonunun Gəncə prospektində və Vunq-Tau küçəsində il ərzində planlı şəkildə yaşıllıq sahəsi məhv edilir.

Bu barədə Day.Az-a həmin ərazidə yaşayan oxucular məlumat veriblər. Məlumata əsasən, böyük ağacları kəsərək yerində mağazalar, avtoservislər və avtoyuyucu məntəqələr tikirlər. Oxucular il ərzində baş verən həmin prosesin fotolarını da redaksiyaya göndəriblər.

"Avtoyuma məntəqələri nəqliyyatın və piyadaların hərəkətinə mane olur. Orada yaşayanlar üçün diskomfort yaradır. Bizim pəncərənin qarşısında belə bir obyekt açıblar. Daimi səs-küy ucbatından pəncərəni açıb evin havasını dəyişə bilmirik. Qarşıdan da yay gəlir. Xahiş edirik ki, yardım edəsiniz. Kimə müraciət edək?" - məktubda deyilir.

Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Pünhan Mürsəliyev aşağıdakı sözləri deyib:

""Azəryolservis"in nəzdində yolların mühafizəsi idarəsi var. Avtomobil yollarının kənarındakı avtoyuma məntəqələri yol örtüyünə ziyan vurur, nəqliyyatın hərəkətini çətinləşdirir. Əgər avtoyuma məntəqəsindəki su "Azryolservis"in balansında olan yola axırsa, onda həmin cərimə tətbiq olunur. Demək istəyirəm ki, Bakıdakı bütün yollar bizim balansımızda deyil. Yuxarıda qeyd olunan məsələyə gəlincə, qoy həmin oxucu dəqiq ünvanı qeyd edərək bizə müraciət etsin. Əgər həmin yol "Azəryolservis"in balansındadırsa, faktı araşdıracağıq".

Respublika Gigiena və Epidemiologiya Mərkəzinin əmək gigienası bə ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Teymur Teymurov isə deyib ki, avtoyuyucu məntqələrlə bağlı vətəndaşlardan şikayətlər daxil olur.

"Əsasən də bu məntəqələrin evlərə yaxın olmasından şikayətlənirlər. Həmin obyektlər onların rahatlıqlarını pozur. Keçirilən reydlər də göstərir ki, çox hallarda sakinlər haqlı olurlar. Avtoyuyucu tikilərkən sanitar-qoruyucu zona minimum 50 metr olmalıdır. Sanitar rejimə əməl edilmədiyi təqdirdə, obyektin sahibi 100-200 manat məbləğində cərimə edilir. Qoy həmin oxucu Respublika Gigiena və Epidemiologiya Mərkəzinə yazılı şəkildə müraciət etsin", - T.Teymurov söyləyib. (qafqazinfo)
image description image description image description image description