İsa Qəmbər meri məhkəməyə verir

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası bu il may ayının 24-də növbəti qurultayını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmən müraciət edib. Lakin 1 ay keçməsinə baxmayaraq, meriya müraciəti hələ də cavablandırmayıb. Partiya bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Müsavat başqanı İsa Qəmbərin qurultayda namizəd olmayacağı ilə bağlı qəti qərarından sonra isə başqanlıq uğrunda rəqabət böyüməkdədir. Artıq başqanlığa bəzi iddialı partiya funksionerlərinin adı hallanmaqdadır. Hələlik bunlar partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və başqan müşaviri Səxavət Əlisoydur.

Qurultayla bağlı partiyanın və başqanlığa iddialı şəxslərin hazırlıqları ilə maraqlandıq. Müsavat başqanının müavini Gülağa Aslanlı Bakı meriyasından cavab gözlədiklərini bildirdi: "Partiya olaraq, qurultaya tam hazırıq. Artıq BŞİH-ə müraciət də olunub. 15 gün ərzində cavab verilməli idi. Bakı meriyasından bizə müraciət edib, 1 ay ərzində cavab veriləcəyini bildirdilər. Dedikləri vaxt ötüb. Partiya məhkəməyə müraciət edəcək. Bunun üçün vəkillər də tutulub. Üzümüzə gələn həftənin ilk günlərində məsələ dəqiqləşəcək".

Başqanlığa iddialı şəxslərdən Arif Hacılı bu mövzunu aktual hesab etmir. Onun fikrincə, atacaqları addım BŞİH-in qərarından asılıdır: "Artıq bir aydır ki, Bakı meriyasına qurultaya yer ayrılması üçün müraciət edilib. Hələ ki, rəsmi cavab gəlməyib. Ona görə də , bu barədə danışmaq hələ tezdir".

Başqanlığa digər iddialı şəxslərdən Qubad İbadoğlu təbliğat kampaniyasına başlamağın hələ tez olduğunu deyir: "Xaricdə səfərdə olduğum üçün Divanın son iclaslarında iştirak etməmişəm. Ona görə də qurultayla bağlı gedən son proseslərdən məlumatsızam. Onu deyə bilərəm ki, hələ təbliğat prosesinə başlamamışıq. Bakı meriyasına göndərilən müraciət cavabsız qalıb. Düşünürəm ki, qeyd etdiyim amillərə görə başqanlığa namizədlik məsələsindən danışmaq tezdir".

Tural Abbaslı qurultayla bağlı hazırlıqların 3 il əvvəldən başlandığını və artıq bitdiyini söylədi: "Müsavat Partiyası qurultay keçirmək üçün lazım olan bütün addımları atıb. Azərbaycan üzrə qurultay nümayəndələri seçilib. Demək olar ki, partiya qurultaya tam hazırdır. Yerin müəyyənləşməsi üçün BŞİH-in cavabı gəlməlidir. Bundan sonra namizədlər rəsmi şəkildə müəyyən olunacaq. Sadəcə, hakimiyyətin qurultaya yer ayırmaq üçün siyasi iradəsi lazımdır. 800-1000 nəfərin iştirak edəcəyi 103 illik partiyanın qurultayı öz səviyyəsinə, cəmiyyətdə tutduğu mövqeyə, xalqa xidmətlərinə uyğun olaraq keçirilməlidir".

Başqanlığa iddialı Səxavət Əlisoy isə təbliğatla bağlı xüsusi planının olduğunu diqqətimizə çatdırdı: "Bildiyimiz kimi, qurultay üçün müraciət edilib, amma yer verilməyib. Artıq qurultayın mayın 24-də keçirilməsi haqqında qərar qəbul edilib. Yalnız məkan bəlli deyil. Zaman yaxınlaşdıqca yəqin ki, bu məsələlər partiya rəhbərliyində müzakirə olunacaq. Rəsmi şəkildə partiyada seçki məsələlərinə start verilməyib. Fərdi olaraq hər kəs hansısa seçkili orqana namizədliyini verəndə, xüsusi seçki planı olur. Mənim də belə bir planım var. Burada qeyri-adi heç nə yoxdur. Kampaniya şəkilində rayon rəhbərləri və üzvlərlə görüşməmişəm. Təbliğata rəsmi şəkildə start verilən zaman öz seçki planımı mətbuata açıqlayacağam".(musavat.com)