“31 Mart Müstəqillik günüdür”- Yerli futbolçularımızın cavabları

Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Apasport.az saytı məlumat verir ki,bundan 96 il keçməsinə baxmayaraq, hər il xalqımız 31 mart hadisələrini böyük hüznlə anır. Ona görə də güman etmək olar ki, həmin günü ölkəmiz üçün hansı tarix olduğunu uşaqdan böyüyə hamı bilir. Ancaq çox təəssüf ki, belə deyilmiş. Buna Topaz Premyer Liqasında çıxış edən yerli futbolçuların bəziləri ilə danışan zaman şahid olduq.

Sualımız isə çox bəsit idi: "31 Mart Azərbaycan tarixində hansı gün kimi qeyd olunur?" Buyurun, cavablarla tanış olun.

Samir Zərgərov ("İnter"in yarımmüdafiəçisi): "Bilmirəm. Nə günüdür ki? (biz dedikdən sonra) Soyqırım? Həə, elə də yazarsınız ki, Samir bilmədi. Bilirsiniz, hazırda mən bütün diqqətimi zədəmin sağalmasına yönəltmişəm. Bu səbəbdən başqa heç nə haqqında fikirləşə bilmirəm".

Aqil Nəbiyev (klubsuz): "31 mart? Yadıma heç nə düşmür. Soyqırım günüdür? Vallah, onu demək istəyirdim. Ancaq fevral mənim fikrimi qarışdırdı (fevralda ona Xocalı soyqırımının olduğunu xatırladırıq).

Ruslan Tağızadə ("Qəbələ"nin müdafiəçisi):
"31 mart Müstəqillik günüdür".

Elmar Baxşıyev ("Qəbələ"nin yarımmüdafiəçisi): "Qardaş, məsciddəyəm, indi danışa bilmirəm. (Heç 2 dəqiqə keçməmiş yenidən zəng vurur) Bağışlayın, bayaq danışa bilmirdim. Azərbaycanlıların soyqırım günüdür".

Rauf Əliyev ("Bakı"nın hücumçusu): "Səhv etmirəmsə, Soyqırım günü olmalıdır".

Rahid Əmirquliyev ("Xəzər Lənkəran"ın yarımmüdafiəçisi): "Martın 31-i Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırım törədilib. Özüm Quba-Qusar zonasından olduğum üçün, bunu bilməməyim mümkün deyil".

Mahir Şükürov ("Neftçi"nin müdafiəçisi): "Bunu bilməmək olar? Təbii ki, bu gündə ermənilər azərbaycanlılara qarşı vəhşilik ediblər".

Qeyd edək ki, son turun oyunlarından sonra bununla bağlı bəzi futbolçulardan açıqlama almağa çalışdıq. Ancaq qarşılaşmalardan öncə 31 mart hadisəsi ilə bağlı 1 dəqiqəlik sükut edildiyindən, oyunçular bundan məlumatlı idi deyə onları burda yazmağa ehtiyac duymadıq.

AzNews.az