Xətai İH-in başçısından prezidentə şikayət edildi

Xətaidə yol kənarındakı tikililər yarmarkaya görə dayanıb; sahibkar: "Kimsə yarmarka keçirib cibini dolduracaq deyə mən əziyyət çəkməliyəm?!"

Xətai rayon sakinləri yollarının bağlanması hesabına keçirilən yarmarka ilə bağlı ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıblar.
Rayon sakinlərindən "Yeni Müsavat"a verilən məlumata görə, prezidentə göndərilən məktubda icra başçısı Razim Məmmədovun cəzalandırılması istənilib. Sakinlər bildiriblər ki, Novruz bayramından sonra Ukrayna dairəsindən "Həzi Aslanov" metrostansiyasına kimi uzanan yolu (M.Hadi küçəsi) bağlayaraq yarmarka açmaları rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Onlar yazdıqları məktubda ərazidə antisanitariyanın hökm sürdüyünü də qeyd ediblər.

Yarmarkanın açılması sözügedən ərazidə bir müddət əvvəl Xətai sakinlərinin etirazına səbəb olan obyektlərin tikintisinin dayanmasına da səbəb olub. Həmin obyektlərin sahiblərinə xəbərdarlıq edilib ki, yarmarkanın keçirildiyi müddətdə ərazidə hər hansı bir tikintinin aparılması qəti qadağandır.

Məlumata görə, sözügedən obyektlərin sahibləri bir neçə dəfə icra başçısı Razim Məmmədovla görüşərək tikintiyə davam etmək istədiklərini bildiriblər. Lakin icra başçısı onlara razılıq verməyib. Səbəb də bu olub ki, aparılan tikinti yarmarkaya gələnlərin narahatlığına səbəb ola bilər. Yol kənarında obyekt tikdirən Emin Axundovun sözlərinə görə, icra hakimiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdiyi bu yarmarka sakinlərin daha çox narahatlığına səbəb olur, nəinki onların tikintiləri: "Yarmarkaya görə, tikintini yarımçıq saxlamışıq. Beton tökülməlidir, amma texnika bu əraziyə girə bilmir. İşimiz uzanır. Mən ustadan tutmuş fəhləyə kimi hamısına aylıq maaş verirəm. Kimsə yarmarka keçirib cibini dolduracaq deyə mən əziyyət çəkməliyəm?! Neçə gündür icra başçısının qəbuluna düşə bilmirdik. Bizi ancaq müavinləri qəbul edirdi. Hansı ki, həmin müavinləri siz bu yarmarkada yer pulu yığarkən görə bilərsiniz".

Məsələ ilə bağı Xətai Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı. Qeyd edək ki, rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində yarmarkanın martın 15-dən 20-nə kimi keçirildiyi yazılıb. Rəsmi məlumatda qeyd olunur ki, martın 15-də Xətai rayonunda, Ukrayna meydanından H.Aslanov metrosuna gedən yolda 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub: "Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 300 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edib. Yarmarka 4 gün müddətində davam edib".

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədovun birgə təşkil etdiyi yarmarka bu həftə də davam edəcək.

Xatırladaq ki, bu yaxınlarda AzNews.az saytı Xətaidəki yol kənarındakı tikililərlə, yarmarkalarla bağlı geniş reportaj hazırlamışdı. Reportajda Xətai sakinlərini narahat edən məqamlar əks olunmuşdu. Həmin reportajı BURADAN oxuya bilərsiniz.

AzNews.az
image description image description image description