"Gənclik"dəki yeni yol istifadəyə veriləcək

Metronun "Gənclik" stansiyasının yaxınlığında salınmış yeni yol bir neçə gündən sonra istifadəyə veriləcək.

Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əvvəllər nəqliyyat vasitələri Vaqif prospektindən metronun "Gənclik" stansiyasının yaxınlığındakı yeraltı tunelə girərək Atatürk prospektinə, digər köməkçi yolla isə Fətəli xan Xoyski küçəsinə tərəf çıxa bilirdilər: "Lakin artıq Vaqif prospektindən yeni yol salınıb və indi yeni yol vasitəsilə avtomobillər Vaqif prospektindən köməkçi yan yol ilə həm Fətəli xan Xoyski, həm də sağa dönməklə Əhmədbəy Ağaoğlu küçəsinə, oradan isə Təbriz küçəsi istiqamətinə çıxa biləcəklər. Yeni salınmış ikizolaqlı yolun uzunluğu 800, eni 6,5 metrdir. Artıq yolu kənarındakı bürdürlər də düzülüb, hazırda 1,5 m enində səki hazırlanır".

P.Mürsəliyev yeni yolun istifadəyə verilməsi vaxtına da aydınlıq gətirib: "Səki salınması işləri bitəndən sonra yolun asfalt örtüyünün çəkilməsi və xətlərin çəkilməsi işləri aparılacaq. Yol artıq bir neçə gündən sonra istifadəyə veriləcək".

AzNews.az