“Azpetrol”dan hakimlə işçiləri arasında baş verən hadisəyə AÇIQLAMA

"Qanunvericilik çərçivəsində əməkdaşımızın hüquqlarını qoruyacağıq".

Bunu AzNews.az-a açıqlmasında "Azpetrol" Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu deyib.

O bildirib ki, şirkət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin "Azpetrol"un sürücüsü İlqar Paşayevlə aralarında yaranan mübahisədən xəbərdardır: "Artıq əməkdaşımızın hüquqlarının qorunması üçün vəkil tutulub. Şirkətimizin hüquqşunasları da bu işə cəlb olunub".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin "Azpetrol" Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayevi döyməsi barədə məlumat yayılıb. Hadisə ilə bağlı Binəqədi rayon 7-ci Polis bölməsində işi araşdıran müstəntiq Elşən Zamanov bildirib ki, sürücü hakimə dəmir açarla xəsarət yetirib. Hadisənin videogörüntüləri ilə bağlı da sorğu göndərilib. Sorğuya cavab aldıqdan sonra faktlar açılmış cinayət işinə tikiləcək. Sürücü barədə 2 ay həbs qətimkan tədbiri seçilib. Hazırda o Bakı İstintaq Təcridxanasında saxlanılır.

Amid Əyyuboğlu
AzNews.az