Aydın Mirzəzadənin sürücüsünə hökm oxundu

Millət vəkili Aydın Mirzəzadənin bir nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş sürücüsü barəsində məhkəmə hökmü açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən ilin yanvarında Bakının Qaradağ rayonu ərazisində yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanın ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü Qocayev Faiq Əşrəf oğlu Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən F. Qocayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin F. Qocayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti hesab olunub və 1 il sınaq müddəti olmaqla təqsirləndirilən şəxs sərbəst buraxılıb.

Onu da əlavə edək ki, istintaq müddətində F. Qocayev barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, məlum yol-nəqliyyat hadisəsi 2013-cü ilin yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, "Aztelekom" İstehsalat Birliyinə məxsus "Honda-Accord" markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub. Qadın hadisə yerindəcə keçinib. Faktla bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olması qənaətinə gəlib. Ekspertizanın rəyində bildirilir: "Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün bütün tədbirləri görməlidir".

Məhkəmə Ekspertiza Mərkəzi F. Qocayevin hadisə zamanı avtomobili dayandırmaq üçün bütün tədbirləri görmədiyini müəyyən edib və sürücünün baş vermiş qəzada günahkar olması qənaətinə gəlib.
Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. F.Qocayev barəsində isə iltizam qəti-imkan tədbiri seçilib.

Onu da qeyd edək ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar.

AzNews.az