AMAY prezidentinin həbsinin-TƏFƏRRÜATI

Bir zamanlar iqtidar yolunda yumruq vuran əllər qandallandı; Bir vaxtlar hakimiyyətin qatı tərəfdarı və cəza dəstəsinin rəhbəri olan Abdulla Abdullayevin 2010-cu ildən başlayan qara günləri nəhayət onun tutulması ilə nəticələndi; biznesmen rəsmi olaraq dövlətin vəsaitini mənimsəməkdə ittiham edilir, amma başqa səbəblər də var...

A.M.A.Y. Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayev həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluqdan musavat.com-a göndərilən məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan "Birlikbank" ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu A.M.A.Y. MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir".

Qeyd edək ki, A.Abdullayev bir neçə ildir ciddi problemlər yaşayırdı. Hələ 2010-cu ildə o özü açıq şəkildə bildirirdi ki, rəhbəri olduğu A.M.A.Y. Şirkətlər Qrupu normal fəaliyyət göstərə bilmir. İş adamı bildirmişdi ki, "Azərsun Holdinq"in rəhbəri Abdolbari Goozal onun fəaliyyətinə əngəl törədir. A.Abdullayev demişdi ki, A.Goozala məxsus olan "Sənaye" bankından götürdükləri kreditin əsas hissəsini geri qaytarsalar da, bank girov qoyulan əmlakı geri qaytarmır.

A.Abdullayev bildirmişdi ki, A.Goozal onun əmlaklarını qanunsuz yolla ələ keçirib. Daha sonra isə bu cür sərt bəyanatlar vermişdi: "Goozal cəmiyyətdə elə qorxu yaradıb ki, Azərbaycanda nüfuzlu şəxslər ondan qorxur və buna görə ümumiyyətlə ona söz deməyə cəhd göstərmirlər. Mənsə Abdulla Goozala deyirəm ki, Azərbaycanda səndən hər kəs qorxa bilər, amma bil ki, səndən nə qorxuram, sözünü tutmadığın üçün nə də sənə hörmətim var. Goozalın bu davranışının adı zorakılıqdır. Əgər zorakılıqla mənim malıma-mülkümə əl qoymaq fikri varsa, bunu güclü bir iş adamı kimi mənə elan etsin, mən də işimi bilim. Amma onu da bilsin ki, bu fikrə düşübsə, yalnız və yalnız mənim meyitimin üstündən keçəndən sonra buna nail ola bilər".

Hələ o zaman belə məlumatlar var idi ki, A.Abdullayev Goozalın əli ilə vurulur və o həbs olunacaq. Ancaq o zaman həbsdən yayına bildi.

A.Abdullayevin Goozalla davasından bir neçə ay sonra Mərkəzi Bankın qərarı ilə ona məxsus "Birlikbank"ın fəaliyyəti dayandırıldı və A.M.A.Y. prezidentinin yaxınları da daxil, bir neçə işçisi həbs olundu. A.Abdullayev həmin vaxt bu həbslərin ona görə həyata keçirildiyini bəyan etdi.

Daha sonra onun ölkədən qaçması ilə bağlı xəbər yayıldı. Amma A. Abdullayev jurnalistlərə bildirdi ki, heç zaman Azərbaycandan qaçmaz: "Mən elə bir adamam ki, nə tutulmaqdan, nə də ölməkdən qorxuram. Borc məsələsinə gəlincə, mənim Azərbaycandakı varidatım bir milyard dəyərindədir. Hətta borc olsa belə, bunun yanında heç nədir. Mənim öhdəliyim varsa, bu başqa məsələdir. Biznes elə bir fəaliyyətdir ki, burada pul alınır, verilir. Ancaq bu tamam ayrı məsələdir ki, mənim varidatımda başqalarının gözü var".
Onu da qeyd edək ki, bu hadisələrin baş verdiyi bir ərəfədə A.Abdullayev "Demokratik İslahatlara Vətəndaş Dəstəyi" adlı ictimai təşkilat yaratdı. Bununla da o hansısa dairələrə ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlaması mesajını verdi. Məqsədinin ölkədə qanunun aliliyinin təmin edilməsi olduğunu bildirdi.

Bundan bir müddət sonra A.Abdullayevə açıq təzyiqlər bir qədər səngimiş kimi görünsə də, indi məlum olur ki, proses davam edirmiş. Hələ 2011-ci ildə A.Abdullayevin adamları həbs ediləndə "Yeni Müsavat" yazmışdı ki, tutulan şəxslərdən A.M.A.Y. prezidentinin əleyhinə ifadə alınıb və nə zamansa bundan istifadə olunacaq.

A.Abdullayev sonradan adamlarını həbsdən buraxdıra bilsə də, özünü sona qədər qoruya bilmədi. Vaxtilə hakimiyyətlə çox yaxşı münasibətləri olan, iqtidarın ən üst qatlarına qədər çıxış imkanlarına malik A.Abdullayevin bu cür cəzalandırılmasının konkret səbəbi bilinməsə də, hər halda, məlumdur ki, onun qələmi çox yuxarıdan qırılıb.

A.Abdullayev vaxtilə akademik Cəlal Əliyevin adamı kimi tanınırdı. "Amay Abdulla" ayamalı birisi kimi müxalifətə qarşı xüsusi aqressivliyi ilə fərqlənirdi. Onun ətrafında xüsusi bir dəstə yaratmışdılar və həmin dəstədən müxalifət fəallarının döyülməsi, mitinqlərin dağıdılması məqsədilə istifadə olunurdu. İndi ibrətamizdir ki, iqtidar üçün bir zaman yumruq vuran əllərə bu iqtidar tərəfindən qandal taxılır...

Qeyri-rəsmi məlumata görə, A.M.A.Y.-da işləyənlərə bu gün saat 12-dək obyektləri boşaltmaq tapşırılıb.

AzNews.az