Lənkəranda müəmmalı yol qəzası - İddialar

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, hadisə bu gün saat 16:30 radələrində Lənkəran şəhərinin Həzi Aslanov xiyabanında qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı Feyzullayevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Gülarə Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkim travmatoloq Bahadır Heydərov deyib ki, müayinə zamanı xəstədə burunun əzilməsi, bir də hər iki əlin arxa səthində əzilmiş yaralar aşkar edilib. Xəstənin vəziyyətinin kafi olduğu deyilir.

Xəstəxanada zərərçəkənlə söhbət baş verən hadisənin təsadüf olmadığını deməyə əsas verir.

Zərərçəkənin ailə üzvləri bildirdilər ki, bu gün günorta saat 14.00 radələrində Gülarə Feyzullayevanın 10-cu sinifdə oxuyan hələ 16 yaşına çatmamış qızı naməlum şəraitdə qaçırılıb və sonra bu barədə ailə üzvlərinə xəbərdarlıq edilib. Gülarə atası və qardaşı ilə deyilən əraziyə gələndə maşında əks tərəflə mübahisə yaranıb və sürücü atanı kənarlaşdırandan sonra qadın maşından düşmək istəmədiyindən zorla maşından salınıb. Bu zaman Gülarə xəsarət alıb, qardaşını isə zərərçəkən tərəfin iddiasına görə maşın 200 metrəcən sürükləyib.

Artıq hadisəni törətməkdə təqsirli bilinən VAZ-21099 markalı maşının sürücüsü və azyaşlını qaçırmaqda təqsirləndirilən şəxs Lənkəran şəhər polis şöbəsinə gətirilib. Onların rayonun Mamusta kəndindən olduğu bildirilir. Lənkəran polisindən baş verən hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

AzNews.az