MN:“Faciəyə tank əleyhinə minanın partlaması səbəb olub“

Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub.

"Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib", - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.


Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.



Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.


AzNews.az