Keçən ay 31 mina aşkar edilib

2014-cü ilin mart ayı ərzində əməliyyatlar zamanı 589 PHS, 29 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, mart ayında 2 milyon 315 min 700 kvadratmetr ərazi yoxlanıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 252 milyon 725 min 499 kvadratmetr ərazi təmizlənib, 689 min 672 mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Tərtər, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb (Trend).