Nazirlik AzNews.az-ın xəbərini təsdiqlədi

Müdafiə Nazirliyi polkovnik Xəqani Cəbrayılovun Beyləqan korpusunun Qərargah rəisi təyin edilməsi ilə bağlı AzNews.az-a gedən xəbərə münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumat görə, X. Cəbrayılov həqiqətən də adı çəkilən hərbi birləşmənin Qərargah rəisi vəzifəsinə təyin olunub. Nazirlik sözcüsü Şəmkir korpusunun Qərargah rəisi postuna isə kimin təyin olunması sualını cavablandırmayıb. Bunu hərbi sirr olması ilə əlaqələndirib.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun Qərargah rəisi təyin edilən Xəqani Cəbrayılova yeni vəzifə verilib. AzNews.az-ın məlumatına görə, cəbhənin Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə bir neçə gün əvvəl 4 hərbçinin ölümü ilə nəticələnən mina partlayışından sonra əraziyə səfər edən Zakir Həsənov toplantı keçirib. Beyləqan korpusunun tabeliyində olan hərbi hissədə baş verən bu hadisədə birləşmənin yuxarı komandanlığını ittiham edən nazir sərt addımlar atacağı ilə bağlı xəbərdarlıq edib. Z. Həsənov cəbhədən Bakıya dönən kimi isə adıçəkilən korpusun komandanlığında ciddi dəyişiklik edilməsinə dair əmr imzalayıb. Nazir Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib.

Amid Əyyuboğlu
AzNews.az