11:31
(077) 610-22-33

Xarici İşlər Nazirliyində ciddi qanun pozuntusu aşkarlandı

  • >
3 434 10 Aprel 2014 12:45 | Hadisə

Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyətində dövlət vəsaitinin icrası ilə bağlı ciddi maliyyə nöqsanları, qeyri-qanuni artırılmış ştat vahidləri və saxta ezamiyyələr aşkarlayıb.

Bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı aşkarlanıb. Audit zamanı aşkar olunub ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda, bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi edilərək onlara məsləhətçinin əmək haqqına uyğun əməkhaqqı verilib.

Yoxlamalar zamanı məlum olub ki, XİN tərəfindən diplomatik rütbələrin verilməsi qaydaları müəyyən edilməyib, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, onlara verilən təminatlar və kompensasiyaların hesablanması zamanı qanunvericilik aktlarına əməl edilməyib. Hətta bəzi hallarda rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına saxlanılan əməkhaqqı üzrə, diplomatik rütbəyə görə və səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Bundan başqa, iki halda fövqəladə və səlahiyyətli səfir təyin olunan şəxslərə saxlanılmalı olan əmək haqqının məbləği artıq hesablanıb, nazirliyin işçisi hesab edilməyən və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar rotasiya qaydasında diplomatik vəzifə tutan şəxslərə bərabər tutularaq 50% əlavə əmək haqqı saxlanılıb.

Eyni zamanda aşkar olunub ki, XİN-in balansında müəyyən edilmiş limitdən artıq xidməti minik avtomobilləri saxlanılıb, nəqliyyat vasitələrinə yanacaq sərfi və xüsusi təyinatlı nəqliyyat vasitələri (mikroavtobus) üçün aylıq yürüş həddi normalarının, xarici ezamiyyətlər zamanı müəyyən edilən qaydaların, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı xərc normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq vəsait ödənilib.

Palata bundan əlavə daha bir sıra hallar üzrə də xeyli vəsait itkisi faktı qeydə alıb.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib. (apa)

Bağla X