İlham Mirzəyevi 12 ilə qədər həbs gözləyir

Xəbər verdiyimiz kimi tanınmış teleaparıcı İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. Maraqlıdır teleaparıcının əməlləri sübuta yetirilərsə onu hansı cəza gözləyə bilər.

AzNews.az saytı məsələni araşdırıb. Məlum olub ki, sözügedən maddəyə əsasən İlham Mirzəyev yüz manatdan yeddi yüz manatadək cərimələnə, yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlərə cəlb oluna, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmin maddənin digər bəndlərində isə göstərilir ki, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178-ci maddəyə görə ən ağır cəza isə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ola bilər.

Qeyd edək ki, İlham Mirzəyevin saxlanılmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub.

İntiqam Valehoğlu
AzNews.az