Gülər Əhmədovanın apellyasiya məhkəməsi başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Gülər Əhmədovanın Əfsər Talıbovdan başqa, daha iki vəkili Fazil Nemətov və Lətif Ağayev təqdim olunub.

Daha sonra vəkillər bir neçə vəsatətlə çıxış ediblər. Vəsatətlərin heç biri təmin olunmayıb.

Sonra Gülər Əhmədova çıxış edib: "Əgər bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atmaz, deputat mandatımdan imtina etməzdim. Elşad Abdullayevin vəkili, özü burda olmalı idi. Zərərçəkən yoxdursa, onun mülki iddiaları təmin olunmayıbsa, istəyirəm ki, bir il keçəndən sonra hər kəs başa düşsün ki, mənim günahım yoxdur. Bir il həbsdə olmağım da qurban olsun vətənim Azərbaycana. İndiyə kimi mənimlə bağlı mətbuatda başqa-başqa şeylər yazılır. Məhkəmə iclaslarının tam olaraq audio və video yazılarının aparılmasını istəyirəm".

Proses davam etdirilir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

AzNews.az