Bakıda 6 avtomobil toqquşdu, yaralılar var- FOTO

Bakının Yasamal rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, Cəfər Cabbarlı küçəsində 6 avtomobil toqquşub. "5 mərtəbə" dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən "KİA" markalı avtomobil əvvəlcə "Toyota" markalı maşına dəyib, daha sonra isə yolun hərəkət hissəsinin əks istiqamətinə çıxaraq qarşıdan gələn "Seat" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Seat" markalı avtomobil onunla eyni istiqamətdə hərəkət edən BMW, "Mercedes" və "Daeweoo" markalı avtomobillərə dəyib.

Yol Patrul Xidməti əməkdaşlarının verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Bunlar 27 yaşlı Osmanlı Təranə Azad qızı və 26 yaşlı Hüseynova Səbinə Əli qızıdır. Hər iki xəsarət alanın sərnişin olduğu bildirilir. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəzaya "Toyota" markalı avtomobilin KİA-nı yolun əks istiqamətinə sıxması səbəb olub. Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsini bağlaması nəticəsində Cəfər Cabbarlı küçəsində uzun tıxac yaranıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az