İlham Mirzəyevin verilişi bağlandı

"İlham Mirzəyevin həbsi ilə əlaqədar onun aparıcı olduğu "Etibar edin" verilişi bağlanıb".

Bunu "Aktual.az"a "Space"in kütləvi verilişlər departamentinin rəhbəri və İlham Mirzəyevin aparıcısı olduğu "Etibar edin" verilişinin rejissoru İman Məcidov bildirib.

Onun sözlərinə görə, İlham Mirzəyevin işdən azad olunması haqqında hər hansı bir qərardan məlumatsızdır: "Bu haqda bir məlumatım yoxdur, amma rəhbərliyin verilişi bağlamaq qərarından xəbərim var".

Xatırladaq ki, aprelin 12-də Nərimanov rayon məhkəməsində keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 ve 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. "Space"nin efirində "Etiraf" (İ.Mirzəyevin ilk verilişi) verilişi ilə məşhurluq qazanan teleaparıcı məhkəmənin qərarı ilə 2 aylıq müddətində həbs edilib.

Əldə edilən məlumata görə, "Etibar edin"in öncədən 5-6 buraxılışının çəkilişi aparılsa da, İlham Mirzəyevin gözlənilməz həbsi rəhbərliyi çaşqın duruma salıb. Telekanal rəhbərliyi efirə hazır olan verilişləri yayımlamamaq qərarını qəbul edib.

AzNews.az