20:55
(077) 610-22-33

Qəbələ RLS-dəki qurğular Ermənistana daşınıb - İddia

  • >
1 734 18 Aprel 2014 11:10 | Hadisə

Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) təhvil verməsi zamanı diqqəti çəkən hadisə baş verib. AzNews.az-a daxil olan məlumata görə, Qəbələ RLS-dəki texniki avadanlıqların daşınması zamanı Rusiyaya qadağa tətbiq olunub. Buna səbəb Rusiyanın yüklərin Qəbələ-İrəvan aviareyisi ilə daşımağa cəhd etməsi olub.

Lakin Azərbaycanın mövqeyinin konkret olduğunu görən əks tərəf planı dəyişmək məcburiyyətində qalıb. Hətta köçürülmə prosesinə rəhbərlik edən Rusiya Müdafiə Nazirliyindən gələn yüksək rütbəli zabitlərdən ibarət komissiya üçün də Azərbaycanın bu mövqeyi gözlənilməz olub. Azərbaycanın qadağasından sonra yüklər Qəbələ-İrəvan deyil, Qəbələ-Soçi aviareysi ilə daşınıb. Ümumilikdə yüklərin daşınması üçün Rusiya 30-dan artıq təyyarə reysi həyata keçirib.

Hərbi ekspertlərin dediyinə görə, Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib. Soçiyə aparılan hərbi təyinatlı qurğular, oradan da İrəvana daşınıb. Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.

Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.

Əhməd
AzNews.az
Bağla X