Həkimlər 3 uşaq atasını 1500 manata öldürdülər – Şok təfsilat

Zərdab rayonu Osmanoba kənd sakini Ramil Cəfərov AzNews.az-ın redaksiyasına müraciət edərək qardaşı Füzuli Cəfərovun Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Ağaşirin adlı həkim tərəfindən öldürüldüyünü iddia edib. R.Cəfərov bildirir ki, qardaşı bu ilin mart ayının 15-də Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşüb və bir gün rayon xəstəxanasında saxlanıldıqdan sonra Bakıdakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Füzuli Cəfərovu müayinə edən həkimlər onun səhhəti ilə bağlı heç bir həyati təhlükənin olmadığını və 12-13 gündən sonra cərrahi müdaxilənin ediləcəyini bildiriblər: "2014-cü ilin mart ayının 27-də qardaşım əməliyyata qaldırıldı və razılaşmaya əsasən Ağaşirin Əkbərova bəri başdan 1000 manat pul verdim. Qalan 500 manatı isə əməliyyatdan sonra verəcəkdim. Qardaşım əməliyyata götürüləndə günorta saat 12 idi. Əməliyyat uzandı, 3-4 saatdan sonra gördüm ki, əməliyyat otağından qanlı parçalar çıxarırlar. Şübhələndim və soruşdum ki, qardaşıma nə olub? Tibb bacısı dedi ki, hər şey yaxşıdır, heç nə olmayıb, qan itirdiyinə görə reanimasiyaya yerləşdiriləcək. Bundan sonra mən arxayınlaşdım və xəstəxanadan getdim. Axşamüstü yoldaşı gəlib və görüb ki, reanimasıya otağının qarşısında polislər dayanıb. Polisləri görəndə qorxub ki, yoldaşına nəsə olub. Dərhal mənə zəng vurdu. Ondan da bir neçə saat əvvəl isə Ağaşirin Əkbərov mənə zəng vurmuşdu ki, pulumun qalan hissəni, yəni 500 manatımı ver. Gətirib 500 manatı da verdim".

R.Cəfərovun sözlərinə görə qardaşı günorta saatlarından dünyasını dəyişsə də, gecə saat 12-yə kimi ölüm faktı onlardan gizlədilib. Yalnız qohum-əqrəbanın kəskin etirazından sonra F.Cəfərovun əməliyyat zamanı keçindiyi məlum olub. R.Cəfərov bildirib ki, faktı Nəsimi rayon prokurorluğu araşdırır. Zərərçəkmiş hadisənin obyektiv araşdırılmayacağından narahatdır. Zərdab sakini bildirir ki, Ağaşirin həkim əvvəlcə onlara yası yola verdikdən sonra bu haqda danışacağını bildirsə də indi "Mən özü işimi həll etmişəm, hara şikayət edirsən, et" kimi fikirlər səsləndirir: "Hadisə təzə baş verəndə Ağaşirin həkim mənə dedi ki, məclisinizi yola verin, sonra oturub danışarıq. Bizi arxayınlaşdırıb və özü gedib Nəsimi rayon prokurorluğuna izahat verib. İzahatda yazıb ki, guya biz onu hədələmişik, 100 min manat pul tələb etmişik. İndi də mənə deyir ki, hara müraciət edirsən, et, mən öz işimi həll eləmişəm. Qardaşımın 37 yaşı var idi. İndi 3 azyaşlı uşağı qalıb. Böyük uşağı beşinci, ikincisi üçüncü sinifdə oxuyur. Balaca övladının isə 4 yaşı var. Həkim səhlənkarlığı ucbatından bu uşaqlar yetim qaldı. Onları normal böyütməyə isə imkanımız yoxdu, kasıb adamlarıq. Qardaşın acgöz hər şeyini pula dəyişən ağ xalatı adamların badına gedib. Bütün proseslər göstərdi ki, onları insan taleyi yox, öz cibləri maraqlandırır. Bu maraq isə bizim ailəni, üç körpəni bədbəxt etdi. Aidiyyəti qurumların bu məsələdə bizə yardımşı olmasını istəyirik".

Mövzunu diqqətdə saxlayacağıq.

***

Ölümdə təqsirləndirilən həkimdən şok açıqlama: "O, ölə bilməzdi"

Zərdab rayonu Osmanoba kənd sakini Füzuli Cəfərovun əməliyyat zamanı dünyasını dəyişməyində ittiham olunan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim travmatoloqu Ağaşirin Əkbərov barəsində səsləndirilən iddialara cavab verib. Bu barədə AzNews.az-a danışan həkim bildirib ki, Füzuli Cəfərov martın 16-da ayaqda sümük sınığı, döş qəfəsində əzilmə diaqnozu ilə onun işlədiyi tibb müəssisəsinə daxil olub və 11 gündən sonra əməliyyat olunub:

"Əməliyyat çox uğurla keçdi və reanimasiya şöbəsinə yerləşdirildi. Füzuli Cəfərov saat 11-də əməliyyata qaldırılıb və saat 5-də reanimasiyaya yerləşdirilib. Bu əməliyyatda xəstə ölə bilməzdi".

"Niyə o qədər də çətin hesab olunmayan əməliyyat 6 saat davam edir" sualından sonra isə həkim əvvəlki fikrini təkzib edərək bildirib ki, mərhum əməliyyata günora saat ikiyə on dəqiqə qalmış qaldırılıb və saat 5-də əməliyyat bitib. Xəstənin dünyasını dəyişməsinin səbəbinə gəlincə, A.Əkbərov bildirib ki, hazrıda ekspertiza bununla bağlı araşdırma aparır:

"Xəstə öləndə mən orda olmamışam. Digər həkimlərin dediyinə görə ağciyər arteriyasının trombembaliyasının əlamətlərinə uyğun gəlir. Yəni qan laxtası ürəkdən ağciyərə gedən arteriyanı tutur və qəfil ölüm baş verir".

Mərhumun qardaşının F.Cəfərovun əməliyyat zamanı dünyasını dəyişməyi və əməliyyat üçün 1500 manat ödəməkləri ilə bağlı dediklərinə gəlincə, A.Əkbərov bu iddianı da rədd edir:

"Əməliyyat bitdi, reanimatoloq və anestezioloq xəstəni reanimasiya şöbəsinə yerləşdirdi. 1500 manat məsələsi xəstə öləndən sonra ortaya çıxıb. Belə şey olmayıb".

Həkim Nəsimi prokurorluğuna müraciət etməyinə də aydınlıq gətirib:

"Şikayət etmişəm ki, mənə hədə-qorxu gəlirlər. Onlar mənə dedilər ki, ya yüz min manat pul, ya da ikiotaqlı ev verməlisən. Hələ sübut olunmayıb ki, orda mənim günahım var. Araşdırma başa çatsın, günahım olarsa, cəzamı çəkməyə hazıram. Reanimatoloqun dediyinə görə xəstədə boğulma əlamətləri olub".

Ağaşirin Əkbərov bildirib ki, Füzuli Cəfərovun əməliyyat olumağı kollektiv qərarla qəbul edilib və heç bir həyati təhlükə olmadığı məlum olub. Mərhumun qardaşının "Həkim indi də mənə deyir ki, hara müraciət edirsən, et, mən öz işimi həll eləmişəm" fikrini də A.Əkbərov həqiqətə uyğun saymır:

"Xəstə ağır çəkili insan idi. Düşünürdük ki, əməliyyat ağır alına bilər. Amma əksinə hər şey çox rahat alındı, hamımız da sevinclə evə getdik. Gecə saat 11-də mənə zəng gəldi ki, xəstə dünyasını dəyişib. Mən dərhal xəstəxanaya gəldim. Xəstənin qardaşı iddia edir ki, qanaxma olub. Belə şey birmənali şəkildə yox idi. Hətta itirdiyi qanın müqabilində ona qan da köçürülmüşdü. Mən özümü bu hadisədə təqsirkar və günahkar bilmirəm. Çünki ən müasir üsulla əməliyyat eləmişəm. Həmin üsul bud sümüyünün kilidləyici şkiflə osteosintezi adlanır və bu bütün dünyada qızıl standart sayılır. Mənə zəng vurub deyəndə ki, xəstə ölüb şok vəziyyətinə düşdüm".

Mövzunu diqqətdə saxlayacağıq.

İntiqam Valehoğlu
AzNews.az