08:02
(077) 610-22-33

10 il əvvəl öldürülən polisin qatili tutuldu- Dəhşətli qətlin üstü açıldı

  • >
2 088 24 Aprel 2014 10:28 | Hadisə

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Daxili İşlər Nazirliyi və Respublika Baş prokurorluğunun mətbuat xidmətlərindən verilən birgə məlumata görə, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirmiş və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçmışdı.
Faktla əlaqədar Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanmışdı.
Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Rafiq Nurmetov istintaqa ifadəsində bildirmişdir ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşmış və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurmuş, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçmışdır. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satmışdır.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılmışdır. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf etmişdir.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə "Makarov" tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülmüşdür.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X