Azərbaycana poçtla göndərilən soyuq silahlar - Fotolar

Azərbaycan gömrükçüləri poçt göndərişlərinə nəzarət tədbirləri nəticəsində xarici ölkələrdən Azərbaycana göndərilən beşbarmaq, elektroşoker, bıçaq və qaz balonları aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələri-soyuq silahları qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır.

Son zamanlar Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar aşkarlanıb. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 43 ədəd soyuq silah - o cümlədən əzici-vurucu xassəyə malik 16 ədəd beşbarmaq, 15 ədəd elektroşoker, 2 ədəd bıçaq və 10 ədəd qaz balonu aşkar edilərək götürülüb.

Ümumilikdə 31 belə fakt aşkar edilib. Bütün faktlarla bağlı təhqiqat aparılır.

Qeyd edək ki, əvvəllər də DGK-nın müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınıb və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.




AzNews.az