Nağdəliyevin düşdüyü qəzada yaralanan şəxs öldü

Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin düşdüyü qəzada ağır yaralanan şəxs xəstəxanada vəfat edib.

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Z.Nağdəliyevin içində olduğu 90 PA 655 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil ilə Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi 99 EV 215 nömrəli "VAZ 21015" markalı avtomobilin toqquşması nəticəsində ağır yaralanan N.Cəbiyevin həyatını xilas etmək mümkün olmayıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasında keçinib. Yüngül xəsarətlər alan Z.Nağdəliyev isə helikopterlə Bakıdakı xəstəxanaların birinə gətirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

AzNews.az