09:37
(077) 610-22-33

Luqanskda öldürülən azərbaycanlının yaxınları aksiya keçirdi

  • >
661 7 Avqust 2014 09:49 | Hadisə

Ukraynanın Luqansk vilayətində qətlə yetirildiyi bildirilən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərovun yaxınları Ukraynanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

T.Cəfərovun dostu Bəybala Kərimovun verdiyi məlumata görə, aksiya iştirakçıları səfirdən öldürüldüyü iddia edilən soydaşımız haqqında ətraflı məlumat verilməsini tələb edirlər.

"Hamı onun öldüyünü deyir. Amma nə ölüsündən, nə də dirisindən xəbərimiz yoxdur. Bilmirik ölüb, yoxsa girov götürülüb. Öldürülübsə meyitini bizə versinlər", deyə Bəybala Kərimov bildirib.

Onun sözlərinə görə, səfirlikdən onlara səfirin tədbirdə olduğu, günorta saatlarında aksiya iştirakçılarının qarşısına çıxaraq sualları cavablandıracağı bildirilib.

Qeyd edək ki, Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərovun iyulun 30-da separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürüldüyü bildirilir.

51 yaşlı Telman Sədi oğlu Cəfərov öz avtomobilində başından güllələnib. İki uşaq atası olan Telman Cəfərov fermer təsərrüfatı ilə məşğul imiş.

AzNews.az
Bağla X