Üç uşağı dənizdə boğulan ata danışdı

Bakının Xəzər rayonunda dənizdə boğulan azyaşlı uşaqlardan 3-ü tapılıb, digər 2 uşağın tapılması üçün tədbirlər görülür.

AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin sulardan xilas etmə qrupunun əməkdaşları dənizdə batan uşaqların tapılması üçün tədbir görür.

Batan uşaqlardan birinin atası Qafil Məmmədov əməkdaşımıza bildirib ki, dənizdə 3 övladı boğulub. O, gecə növbəsində işlədiyini deyib:

"Həmişə uşaqları dənizə özüm gətirirdim. Amma dünən uşaqlar özləri dənizə gəliblər. Suya girən kimi dalğa aparıb".

Qafil Məmmədov əlavə edib ki, dənizdə boğulan oğlu Elgünün meyiti tapılıb. Atanın sözlərinə görə, oğlu Fariz və qızı Kəmalənin meyitlərini hələ də axtarırlar.

Qeyd edək ki, Xəzər rayonu Şimal DRES qəsəbəsi sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz dənzidə boğulublar. A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.





AzNews.az