Ermənilər Bala Cəfərli kəndini atəşə tutdular

Ermənilər cəbhənin Qazax rayonu istiqamətində Bala Cəfərli kəndinin yaxınlığındakı mövqelərimizi atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin yüksək rütbəli zabiti Trend-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, erməni silahlılar intensiv şəkildə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Lakin Silahlı Qüvvələrimiz tərəfindən düşmənə onqat cavab verilir.
Yüksək rütbəli zabit qeyd edib ki, bu istiqamətdə cəbhə xətti boyu əraziyə tam nəzarət olunur.
Onun sözlərinə görə, iyulun 31-dən avqustun 1-dək vəziyyətin gərginləşməsi zamanı hər iki tərəfdən kiçik və iriçaplı silahlardan istifadə olunub. Düşmənə endirilən güclü zərbələr nəticəsində erməni tərəfi çoxlu itkilər verib, çoxlu sayda ölənlər və yaralananlar olub: "Lakin onlar bunu gizlədirlər. Atışmadan qısa müddət sonra düşmən mövqelərinə sanitar maşınlar cəlb olunurdu. Bu isə onu göstərir ki, erməni tərəfindən ən azı bir neçə nəfər yaralı olub. Lakin Ermənistan tərəfi rəsmi məlumatlarda bu barədə heç nə bildirmir".
Azərbaycan Ordusunun zabiti onu da bildirib ki, hərbçilərimizə diqqət daha da artıb: "Döyüşçülər qiymətləndirilir. Bu isə şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaradır ki, bu da bizim üçün çox önəmlidir".

AzNews.az