Cəbhədəki partlayıyşlar - Erməni mediasında

Tovuz rayonunun Əlibəyli kəndi ilə üzbəüz mövqedəki Ermənistan silahlı qüvvələrinə məxsus post yaxınlığında Azərbaycan ordusunun açdığı atəş nəticəsində avtomobilin yanmasını erməni mediası təsdiqləyib.

Axar.az xəbər verir ki, media bu olayın Ermənistanın Tavuş rayonunun sərhəd məntəqəsi olan Nerkin Karmiraxbür ərazisində baş verdiyini yazıb. Kənd icra nümayəndəsi Andranik Aydinyan Arminfo-ya bildirib ki, 8 avqust gecəsi Azərbaycan ordusunun əsgərlərinin açdığı atəş nəticəsində yolda hərəkət edən avtomobil alışıb, sürücü xilas olsa da, maşın bütünlüklə yanaraq sıradan çıxıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndini atəşə tutması nəticəsində kənddə olan VAZ 2107 markalı mülki avtomobilin yanıb külə döndüyü barədə xəbəri Aznews.az saytı yaymışdı.

Kənd sakinləri isə Axar.az-a bildirmişdilər ki, ordumuz bu olaya adekvat cavab verib və erməni komandirə məxsus olduğu bildirilən "Cip" markalı avtomobili əsgərlərimiz bir neçə atəşlə partladıblar.

Sakinlər bildirirdi ki, bu cavab atəşindən sonra erməni postundan edilən gülləbaran dayanıb.