Hirkan Milli parkında daha bir yanğın

13 avqust 2014-cü il tarixində saat 16 radələrində Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib. Bu barədə AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb olunub.
Qeyd edək ki, ərazi dağlıq sahə olduğundan ETSN-nin əməkdaşları yanğının qarşısının alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Yanğın 40 sota yaxın sahəni əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir.
ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzNews.az