16:34
(077) 610-22-33

6 gəncin öldüyü qəzanın dəhşətli mənzərəsi- Fotolar

  • >
4 140 5 Sentyabr 2014 17:37 | Hadisə

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən 5-i bir məhəllədə yaşayırmış.

Onlardan birinin - bu məhəllədə kirayədə yaşayan Ramin Qasımovun cənazəsi doğulduğu Zərdab rayonuna göndərilib. Qəzada ölən gənclərin digəri isə "8-ci km" qəsəbəsində yaşayırmış. Onun da yas məclisi həmin qəsəbədədir.

İndi həmin məhəllədə - İlyas Aslanov küçəsində 4 yas çadırı qurulub.



Xəbər verdiyimiz kimi, sentyabrın 3-ü gecə saat 2-3 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində dəhşətli qəza baş verib. "Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşmasından sonra 6 nəfər hadisə yerindəcə dünyasını dəyişib, 2 nəfər isə ağır yaralanıb.

Hadisə yerində dünyasını dəyişənlərin hamısı "VAZ-2106" markalı avtomobildə olan sərnişinlər olub. Onların hamısı bir məhəllədən maşına minərək Zabratda yerləşən sexlərin birində işləyən digər məhəllə uşaqlarının yanına gedirmiş. Dostları ilə bir müddət söhbət etdikdən sonra geri qayıdan gənclər məlum yol qəzasının qurbanına çevriliblər.



Qəza qurbanları bunlardır: Murad İman oğlu İmranov, Mürvət Mehman oğlu Baxşıyev (15 yaş), Ramin Hafiz oğlu Qasımov, Eyyub Araz oğlu Cəfərov (24 yaş), Mehman Kamran oğlu Novruzov və Məhəmməd adlı gənc.

"Mercedes"in qəzada xəsarət alan sürücüsü və onun sərnişini isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, reanimasiyadan çıxarılan xəstələrin vəziyyəti hazırda sabitdir.

Qəzanın baş verməsinə səbəb "VAZ-2106"nın yüksək sürətlə idarə edilməsi olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürət həddini aşan "VAZ-2106" qarşıdan gələn "Mercedes"ə, daha sonra isə işıq dirəyinə çırpılıb.

Virtualaz.org saytının müxbiribu gün həmin məhəllədə olub, bu gün üç mərasimləri keçirilən mərhum gənclərin dostları, yaxınları ilə söhbət edib. Onların verdiyi məlumata görə, Məhəmmədə məxsus olan maşını Murad İmranov idarə edib. Gənclərdən Eyyubun da özünün maşını olub. Amma onlar nədənsə məhz Məhəmmədin maşınına minərək digər məhəllə uşaqlarının işlədiyi qapı-pəncərə sexinə yollanıblar. Dostlar birlikdə söhbət edib, çörək yeyiblər. Sonra isə evə qayıdıblar. İlkin məlumat belədir ki, gənclər evə qayıdarkən maşını Murad sürürmüş.

Rəhmətə gedənlərin yaxınları isə avtomobili kimin sürdüyünü bilədiklərini deyirlər. Çünki onlar hadisə yerinə çatarkən bütün cəsədlər maşından çıxarılıbmış.

Hadisə yerində olanlar isə fərqli ifadələr verdiyindən ölənlərin yaxınları da dəqiq informasiyaya malik deyillər. Avtomobildən çıxarılan 6 cəsəd "Azərsu" ASC-yə məxsus maşına yığılaraq Sabunçu xəstəxanasının moqruna aparılıb. Ölənlərin yaxınları isə hadisə yerinə gələndən dərhal sonra xəstəxanaya yollanıblar.



15 yaşlı Mürvət Baxşıyevin atası Mehman Baxşıyev virtualaz.org saytının müxbiri ilə söhbətində oğlunun həmin uşaqlarla birlikdə olmasını anlamadığını dedi: "Mürvət yaşda onlardan çox balaca idi. Necə olub onlarla birlikdə olub, eyni maşına minib, onlarla gedib - anlamıram. Məhəllədir, uşaqlar axşam saatlarınadək həyətdə bir yerdə olurlar. Yəqin "gedək maşınla gəzək" deyiblər, Mürvət də gedib. Tək oğlan uşağım idi. Sakit uşaq idi. Həmişə məhəllədə olurdu. 9-cu sinfi bitirmişdi. Qızım ailə həyatı qurub, köçüb gedib. Mən yalnız Mürvətlə nəfəs alırdım. O da məni yetim qoydu. İndi yasdır, qohumlar, tanışlar gəlib, tək deyiləm. Bundan sonra tək necə qalacağımı bilmirəm".



Dərddən beli bükülmüş ata hadisə gününü isə belə xatırlayır: "Mürvətə zəng elədim. Telefonunu başqa bir nəfər açdı. Dedi qəzaya düşüblər. Hadisə yerinə çatanda hamısını aparmışdılar. Şokda idim. Kimsə mənə dedi ki, xəstəxanaya yox, morqa gedin. Ancaq kim olduğunu bilmədim. Başıma hava gəlmişdi sanki. Elə onda bildim ki, Mürvət ölüb. Birbaşa morqa getdik. Uşaqların hamısı orada idi.



Bu, dəhşətli bir hadisədir. Bütün məhəllə yasdadır. Kim eşidirsə, inana bilmir. Hadisə haqda əlavə məlumat da bilmirəm. Çünki hamısı ölüb. Bir nəfər dəqiq nəsə deyə bilmir. Hərə bir cür danışır. Qəza baş verən an hadisə yerinə gələnlər də bu uşaqları tanımayıb. Polis də hələlik məlumat verməyib".

Sabunçu Rayon Hərbi Komissarlığının yaxınlığında yerləşən bu məhəllə daha çox "Voyenkomatın yanı" kimi tanınır. Məhəlləyə təsadüfən yolu düşən insanlar bir küçədə yan-yana qurulmuş 4 yas çadırını görüb dəhşətə gəlirlər. Məhəllənin girəcəyində yollar kəsişir. Bura "dördyol" deyirlər. Və bu yolların hərəsi bir çadıra aparır. Biri Eyyubun, biri Mürvətin, biri Məhəmmədin, o biri də Muradın. Dəhşətli mənzərədir...



Məhəllədə olan vəziyyəti görmək, görməsən belə təsəvvür etmək çox çətindir. Düşünün ki, məhəlləyə yasa gələnlər hansı çadıra gedəcəyini bilmir. Yolda olan insanlardan "Mürvətin..., Muradın..., Eyyubun..., Məhəmmədin yası hansı evdədir" deyə sual verirlər. Qəzada ölənlərin hamısının bir məhəllədən olduğunu bilməyənlər yanlışlıqla gördükləri ilk yas çadırına girirlər. Və onlar burada baş verən hadisənin təfərrüatlarını eşidəndə şoka düşürlər. Eşitdikləri sual isə "siz kimin yasına gəlimisiniz" olur.

Məhəllə sakinləri deyir ki, bu hadisə onların yaddaşından ömür boyu silinməyəcək. Bir yerdə böyüyən, bir məhəllədə oynayan, oturub-duran, dostluq-yoldaşlıq edən bu gənclərin 7-si, 40-ı, ili, qara bayramı da bir yerdə olacaq. Onlar hər il eyni gündə xatırlanacaqlar... Bir məhəllədə, bir küçədə...



Bu hadisənin təfərrüatları haqda hər kəs fərqli fikir bildirir. Hər kəs hadisəyə öz təxəyyülü ilə qiymət və şərh verməyə çalışır. Amma heç kim dəqiq heç nə bilmir. Çünki qəzaya uğramış maşında olan hər kəs dünyasını dəyişib. Digər maşında olanlar isə hələ ki, ifadə verməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra dəqiq fikir bildirmək, təfərrüatla tanış olmaq mümkün olacaq. Hələliksə dəqiq olan fakt budur ki, qəzanın səbəbkarı "VAZ-2106" markalı maşın olub. Yüksək sürət həddi, məsuliyyətsizlik 5 gəncin və 1 azyaşlının həyatına son qoyub...

Virtualaz.org
Bağla X