Bulvarda gecələyən 11-ci sinif şagirdin valideynləri tapıldı- VİDEO

Dənizkənarı Milli Parkda gecələyən Vitya Çurinin valideyinləri tapılıb.

ANS TV-nin məlumatına görə, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının Vitya Çurinin valideynlərinin axtarışı öz nəticəsini verib.

Qeyd edək ki, bulvarda tapılan fiziki və əqli qüsurlu yeniyetmə evdən hansı səbəbdən çıxması və ümumiyyətlə valideynləri, yaşadığı ünvan barəsində tam məlumat verə bilməmişdi. Material efirə gedəndən və edilən müraciətdən sonra Vityanı tanıyan şəxslər bu barədə onun valideynlərinə məlumat veriblər. Övladlarının axtarışları ilə məşğul olan yeniyetmənin valideynləri dərhal onun arxasınca 39-cu polis bölməsinə yollanıb.

Vitya Çurinin valideynlərinə təhvil verilməsi prosesini izləmək üçün biz də bölməyə yollandıq. Əvvəlcə valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər yoxlanıldı. Araşdırma zamanı məlum oldu ki, Vitya 1997-ci il təvəllüdlüdür və həqiqətən də fiziki və əqli cəhətdən yaşıdlarından geri qalır. Bu səbəbdən də evdən çıxıb Dənizkənarı Milli Parka yollanandan sonra yaşadığı ünvana geri qayıda bilməyib.

Vityanın atası Nikolay Çurin bildirdi ki, oğlunu həmişə nəzarət altında saxlayır. Amma bu gün ata və ana işlərinin çoxluğundan onu evdə qoyaraq gediblər. Vitya məhz bu zaman evdən gəzmək adı ilə çıxıb. Vityanın atası oğlunun tapılması ilə əlaqədar ANS-ə öz təşəkkürünü bildirdi.

Qeyd edək ki, Vitya Çurin Nəsimi rayonunda yerləşən 268 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbin 11-ci sinif şagirdidir.



AzNews.az