Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses keçirilib. Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses keçirilib.

Günahkar həkim məhkəməyə məcburi gətirildi - Yeni iddia

Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses keçirilib.


Bu barədə AzNews.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən danışan S.Vəkilov qeyd edib ki, bu prosesdə şahid Fərəculla İdrisov ibtidai istintaqa verdiyi ifadələrindən imtina edib:
"Şahid Fərəculla İdrisov polis orqanları tərəfindən məhkəmənin qərarı ilə dindirilməsi üçün məcburi şəkildə məhkəməyə gətirildi. Prosesə qatılmaqdan imtina etdiyi üçün ötən prosesdə onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı hakim qərar çıxarmışdı. Bu prosesdə yenidən ifadə verdi. Həmçinin, zərərçəkən Anar Niftəliyevlə Fərəculla İdrisovun ziddiyyət təşkil edən ifadələri üzləşdirildi. Prosesdə Fərəculla İdrisov ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina etdi. O, ibtidai istintaq zamanı bildirmişdi ki, anestezioloq Firuz İbrahimov mərhum Elnarə Niftəliyevanın vəziyyətini nəzarətdə saxlamadığına görə ölüm hadisəsi baş verib. Ancaq məhkəmə istintaqı zamanı tamamilə başqa ifadə verdi və bildirdi ki, belə bir şey olmayıb. Həmçinin, zərərçəkənin dələduzluq ittihamı ilə bağlı da ifadələr verildi. Onun bu ifadələrindən imtina etməsilə məsələ bir daha aktuallaşdı".

S.Vəkilovun sözlərinə görə, artıq bu cinayət işinin təkrar ibtidai istintaqa göndərilməsi müzakirə mövzusudur:

"Zərərçəkmiş tərəfin mövqeyi belədir ki, bu ziddiyətin aradan qaldırılması üçün iş təkrar ibtidai istintaqa göndərilməlidir. O cümlədən, Fərəculla İdrisovun ibtidai istintaqa yalan ifadə verməsi Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır. Növbəti prosesdə istintaqın obyektiv nəticəyə gəlməsi və Fərəculla İdrisovun istintaqa yalan ifadə verməsi ilə bağlı məsuliyyət məsələsini qaldıracağıq. Hesab edirik ki, işin obyektiv və qərəzsiz araşdırılması üçün məhkəmə bu vəsatətləri təmin etməlidir. Növbəti proses mart ayının 18-i saat 10:30-a təyin edildi. Növbəti prosesdə iş üzrə sonuncu ekspert rəyini vermiş həkimlər də dəvət olunacaq ki, ekspert rəyi müzakirə olunsun".

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi Rayon Prokurorluğuna şikayət verib.