Tarixdə bu gün: 19 mart Tarixdə bu gün: 19 mart

Ermənilər “20 Yanvar” metrosunda terror aktı törədib – 21 il öncə

Tarixdə bu gün: 19 mart


Tarixdə bu gün martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin "20 Yanvar" stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

1910 – Səttarxanın rəhbərliyi ilə İranda şah rejiminə qarşı başlanan inqilab (1905-1911) Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra Tehrana doğru yürüş başlanıb. Səttarxan və Bağırxanın başçılıq etdiyi fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər. Lakin şah rejiminin çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut (1911) edib. Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutub.

1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Uzun illər muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkədə fəhlələrin iş və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan Fəhlə məsələsi üzrə Xüsusi Müşavirənin statusunu təsdiq edib. Əmək Nazirliyinin nəzdində yaradılan yeni qurum (fəhlələrin və sahibkarların nümayəndələrindən (hər tərəfdən 10 nəfər) ibarət məşəvrətçi heyət) dərinləşən sosial-iqtisadi böhranda hökumətin fəhlələrlə bağlı siyasətini tənzimləməli idi.

1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Bahadır və Sona" və s. əsərlərin müəllifidir.

1939 - Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Dəmir Gədəbəyli (Dəmir Müseyib oğlu Qasımov) anadan olub.

1947 - Amerika aktrisası, "Emmi", "Qızıl qlobus" mükafatlarının laureatı Qlenn Klouz (Glenn Close) anadan olub.

1949 - Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Valeri Leontyev anadan olub. Mənşəcə mansi (azsaylı Sibir xalqı) milliyətindəndir.

1955 - Amerika kinoaktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: "Kriminal qiraət", "Beşinci element", "Altıncı hiss" və s.

1994 – Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin "20 Yanvar" stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, təxribatçı qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda ("20 Yanvar" stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, "Anlamaq istəyirəm", "Cin mikrorayonda" və s. filmlərə musiqi bəstələyib.

2004 – Prezident İlham Əliyev Bratislavada (Slovakiya) "Daha geniş Avropaya istiqamət: yeni gündəlik" adlı beynəlxalq konfransda iştirak edib. Konfransda Avropa Birliyi üzvlüyünə namizəd və AB ilə tərəfdaş olan ölkələr iştirak edib. Azərbaycan prezidenti konfransda "Avropanın Qara dəniz və Qafqaz qonşuluğu" mövzusunda müzakirələrdə çıxış edib.

2004 – Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid – Kəngərli rayonu təşkil olunub. Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb. Rayon cənub və cənub-qərbdə Iran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 682 kvadrat kilometr, əhalisi 27 min nəfərdir (2009-cu il). Rayonun mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 1 qəsəbə, 10 kənd var.