06:06
(077) 610-22-33

Fiziki qüsurlu şəxsə avtobus saxlamayan sürücü işdən çıxarıldı - VİDEO

  • >
2 455 19 Mart 2015 12:53 | Hadisə

Bakıda avtobus sürücüsü fiziki qüsurlu şəxsi avtobusa minməyə qoymayıb.


AzNews.az xəbər verir ki, bu barədə Facebook"da Sancaq Production adlı səhifə video paylaşıb.

Videoda paytaxta gətirilmiş və fiziki qüsurlu şəxslər üçün də nəzərdə tutulmuş yeni avtobuslardan biri yer alıb. Orxan Adıgözəlov adlı fiziki qüsurlu vətəndaş 65 nömrəli marşrut xətti üzrə hərəkət edən bir neçə avtobusa minmək istəyib. Lakin sürücülər avtobusun qapılarını bağlayıblar. Sürücülərin bu məsuliyyətsiz hərəkətləri saniyəbəsaniyə lentə alınıb.

Avtobusun malik olduğu "Xaliq Faiqoğlu" MMC şirkətindən Oxu.Az-a bildiriblər ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün işdən çıxarılıb.

Şirkətdən bildiriblər ki, bununla bağlı avtobus sürücülərinə mütəmadi olaraq təlimlər keçirilir. Avtobuslarda əlillər üçün xüsusi pandus var, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib-enməyə imkan yaradır. Fiziki qüsurlu şəxs xüsusi pandus vasitəsilə yaxınları tərəfindən, sərnişinlərin və ya sürücünün köməkliyi ilə avtobusa mindirilməlidir.
Xatırladaq ki, "Xaliq Faiqoğlu" MMC şirkətinin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib.

Onu da əlavə edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişinə əsasən, yeni gətirilən avtobusların hər biri əlil şəxslərin rahat minib-düşməsi üçün müvafiq panduslarla təchiz olunur.

Bağla X