Tarixdə bu gün: 7 may Tarixdə bu gün: 7 may

Yaqub Məmmədov Ter-Petrosyanla görüşdü - İşğaldan bir gün öncə

Tarixdə bu gün: 7 may


Tarixdə bu gün mayın 7-də 1992-ci ildə Tehranda İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin (Yaqub Məmmədov və Levon Ter-Petrosyan) görüşü olub. İkigünlük müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birgə bəyanat qəbul olunub. Tehranda danışıqların getdiyi vaxtda erməni hərbi qüvvələrinin Şuşaya hücum edib.

1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: "Alman rekviyemi", "Macar rəqsləri" və s.

1920 – Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verib. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunub. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud olub və SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatılıb.

1926 – Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb, "Görüş", "O olmasın, bu olsun" (Nadir Zeynalovla birgə), "Leyli və Məcnun" , "Sehirli xalat" (Məmməd Hüseynovla birgə), "Qızmar günəş altında", "Qanun naminə", "İnsan məskən salır" və s. filmlərin quruluşçu rəssamı olub.

1938 – Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib. Bununla belə, qərar həyata keçməmiş qalıb. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını alıb.

1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (25.4 (7.5.) 1840 - 1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın ("Yevgeni Onegin", "Mazepa", "Orleanlı qız", "Qaratoxmaq qadın", "Undina" və s.), 3 baletin ("Qu gölü", "Yatmış gözəl", "Şelkunçik"), 7 simfoniyanın müəllifidir.

1861 - Görkəmli hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: "Fəlakət", "Ev və dünya", "Vida mahnısı" romanları, "Poçt", "Qırmızı oleandrlar" pyesləri və s.

1895 - Rusiya ixtiraçısı, fizik və elektrotexnik Aleksandr Popov Peterburqda ilk radio qurğusunu nümayiş etdirib. Bu hadisənin 50-ci ildönümü ilə bağlı SSRİ hökuməti 7 mayı "Radio günü" elan etmişdi (1945). Hazırda Rusiyada bu gün qeyd olunur.

1901 - Amerika kinoaktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub. "Serjant York", "Düz günorta" filmlərinə görə "Oskar" mükafatı alıb.

1923 - Amerika aktrisası, "Oskar" laureatı Enn Bakster (Anne Baxter, 1923-1985) anadan olub.

1953 – Tanınmış Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs Şanlıurfada doğulub.

1992 – Tehranda İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin (Yaqub Məmmədov və Levon Ter-Petrosyan) görüşü olub. İkigünlük müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birgə bəyanat qəbul olunub. Tehranda danışıqların getdiyi vaxtda erməni hərbi qüvvələrinin Şuşaya hücumu başlamışdı.

1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. "Qanun naminə", "Bakıda küləklər əsir" və s. filmlərə quruluş verib. "Yeni horizont", "Arşın mal alan" (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.

2003 – Milli Məclis Azərbaycanın 150 nəfərlik hərbi kontingentinin İraqdakı sülhyaratma əməliyyatlarında iştirakına razılıq verib. Sülhməramlı kontingent İraqa avqustda yola düşdü. Bu, Azərbaycan hərbçilərinin iştirak etdiyi üçüncü (Kosovo və Əfqanıstandan sonra) beynəlxalq sülhyaratma missiyası idi və 2008-ci ilin sonunadək davam edib.