10:58
(077) 610-22-33

“Sevda Yahyayeva ona şərait yaradırdı” - Müsahibə

  • >
9 411 2 Avqust 2016 13:06 | İdman

Azərbaycan millisinin və "İnter"in futbolçusu Ruslan Abışovun yenidən klipə çəkilməsi marağa və müzakirəyə səbəb olub.


Onun klipdə rol almasıyla bağlı qardaşı və meneceri Sərxan Abışov AzNews.az-a müsahibə verib. O, müsahibəsində qardaşının klip təklifini qəbul etmə səbəbindən danışıb.

- Sərxan bəy, Ruslan Abışov müğənni Sevda Yahyayeva ilə yenidən klipə çəkilib. Ümumiyyətlə necə oldu ki, qardaşınıza klipə çəkilmə təklifi gəldi?

- Ruslan 5 il öncə Sevda xanımın bir klipində çəkilmişdi. "Gecdir daha" mahnısının klibində rol almışdı. O vaxtdan Sevda xanımla dostluq münasibətləri yaranıb. Biz tez-tez görüşüb danışırıq. Elə oldu ki, təsadüfən söhbət əsnasında yeni bir klip çəkməyi planlaşdırdığını dedi. Elə onda qərara aldıq ki, yenə həmin klipdə Ruslan yer alsın. Birinci klip həqiqətən yaxşı mənada səs-küyə səbəb olmuşdu. Yaxşı qəbul olunmuşdu. Ona görə də növbəti klipdə də Ruslanın çəkilməyi məsləhət görüldü. Buna təklif də demək olmaz, çünki təklif tanımadığın yaxud uzaq adama edilir. Söhbət əsnasında dost olaraq məsləhət olundu ki, Ruslan klipə çəkilsin. Tamaşaçıları çox gözəl bir klip gözləyir.

- Klipin tamamlanma işləri nə yerdədir?

- Klip çəkilib, amma hələ ki, tam hazır deyil. Sözsüz ki, ona bir az vaxt lazımdır.

- Qardaşınız sadəcə dostluq xatirinə klipdə oynamağı qəbul etdi?

- Sevda xanım ən reytinqli, ən tanınmış və sevilən müğənnilərimizdən biridir. Söhbət ölkənin ən yaxşı, reytinqli müğənnisindən gedirsə, Ruslan bu təklifi niyə də qəbul etməsin?!

Dostluğu bir kənara qoyaq, Sevda Yahyayeva işini çox peşəkarcasına görən bir xanım olduğundan, Ruslan da onun gördüyü işin uğurlu olacağını fikirləşərək heç düşünmədən klipdə oynamağa razılıq verdi.

- Sirr deyilsə, Ruslan Abışov nə qədər qonorar alıb?

- Bir az öncə də qeyd etdim, 6 ilə yaxındır ki, çox yaxşı dostluq münasibətimiz var. Dostluq, yaxşı münasibət olan yerdə hansısa qonarardan, məbləğdən söhbət gedə bilməz.

- Bəs başqa bir klipə çəkilmək üçün təklif gələrsə, Ruslan Abışov qəbul edərmi?

- Məncə bundan sonra mümükün olan şey deyil. İnanmıram. Həm Ruslanın buna vaxtı yoxdur, həm də Sevda xanım elə bir insandır ki, dost olduqlarına görə Ruslan üçün şərait yaradırdı. İnanmıram ki, hansısa müğənni Ruslanın vaxt qrafiki ilə razılaşa. Bundan sonra növbəti klip yenə Sevda xanımla olarsa, qəbul edər, başqasının təklifinə isə inanmıram.

- Ruslan Abışovun futbol həyatı nə vaxtsa bitəndən sonra, gələcək karyerasını harada qurmaq istəyir? Kino, film sahəsində davam etdirə bilərmi?

- İlk klipi Türkiyədə çəkmişdilər. Qardaş ölkənin ən məşhur rejissorlarından biri çəkmişdi. Orada da belə bir qiymətləndirmə oldu. Bildirildi ki, Ruslan yüksək səviyyədə bu işin öhdəsindən gələ bildi. Növbəti klipin rejissoru Anar bəy də bu fikirdə idi. Deyirdi ki, Ruslan Abışovda aktyorluq məharəti var. Rolda gözlədiyimi Ruslandan tam ala bildim.

Onların bu fikrindən çıxış edərək deyə bilərəm ki, Ruslan Abışovda bu sahədə də bacarıq var.

Amma Ruslanın gələcəklə bağlı planları tamam başqadır. Bu, sadəcə bir hobbidir.

Aygün İLQARQIZI


Bağla X