Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynovun Aznews.az-a müsahibəsi: Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynovun Aznews.az-a müsahibəsi:

İlk olimpiya çempionu: “Elnur Məmmədli məni təkrarlaya bilmədi” (Müsahibə)

Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynovun Aznews.az-a müsahibəsi:


- Nazim müəllim cüdoçularımızın olimpiya oyunlarında çıxışını necə dəyərləndirirsiniz?

- 1 ilə yaxın idi, ciddi hazırlıqlar getdi. Bilirsiniz ki, Avropa oyunları ərəfəsi federasiyada nələr baş verdi, problemlər oldu. Yalnız Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasına seçildikdən sonra ciddi dəyişikliklər oldu, mühüm qərarlar verildi.

Bundan sonra milliyə Peter Zeyzenbaxer baş məşqçi gətirildi. Zeyzenbaxer gətirildiyi zaman dedim ki, əgər nəticə olmasa, özüm gəlib baş məşqçi olacam. Sonradan gördüm ki, o doğrudan da nəticələr verdi.

Başlayaq Orxan Səfərovun güləşindən. O çox yaxşı mübarizə apardı. Medala bir addım qalmış uduzdu. Finalda yaxşı güləşə bilərdi.

- Nicat Şıxalızadə niyə istəniləni vermədi?

- O da pis güləşmədi, nəysə alınmadı. İkinci görüşündə məğlub oldu. Nicatın uduzduğu cüdoçu olimpiya çempionu oldu.

- Bəs gümüş medalçılar - Rüstəm Orucov və Elmar Qasımovu "qızıl"dan nə ayırdı?

- Rüstəm üçün qızıl qazanmaq bir az çətin olardı. Çünki Rüstəmə ən güclü rəqib düşmüşdü. Ancaq Elmar Qasımov qızıl medal qazana bilərdi. Çünki Elmar finaldakı çex rəqibi Lukas Krpaleklə 2009-cu ildə Ermənistanda güləşiblər. Bir-birini tanıyırdılar. Başqa yarışlarda da Elmar onu 2 dəfə udub. Yenə deyirəm Elmar onu keçə bilərdi, amma bilmirəm nə ilə əlaqədardır...

- Bəlkə Elmar Qasımovda arxayınlıq var idi?

- Bəlkə də... Amma o da istəyirdi qızıl medal götürsün. Çox pis oldu ki, "qızıl"ı qazana bilmədik, Azərbaycanın himni səsləndirilmədi. Ümumilikdə isə cüdoçularımız yaxşı nəticə verdilər - 2 gümüş.

Olimpiya tariximizdə isə cüdoda qızıl götürən 2 nəfər idi. Mən, sonra isə Elnur Məmmədli... Düzdür bu olimpiada da "gümüş"ü "qızıl"a fırlatmaq olardı.

10 ay az vaxtdır. Yeni rəhbərliklə bu az vaxtda çox işlər görüldü. Avropa Oyunlarında gördünüz ki, cüdoçularımız necə zəif güləşirdi.

- Ölkəmizi +100 kq çəki dərəcəsində təmsil edən Uşangi Kokauri barəsində nə düşünürsünüz?

- O yeni-yeni gələndə ümumiyyətlə, güləşə bilmirdi. Amma bu olimpiya oyunlarına qədər doğrudan da özünü inkişaf etdirdi. Amma düşdüyü qrupdan da çox şey asılıdır. Güclü qrupa düşmüşdü.

Uşangi 2 ildir, Bakıya gəlib. Yeni inkişaf edib. O əvvəllər heç nə edə bilmirdi, indi isə inkişaf edib. Amma 2017-ci ildə ölkəmizdə keçirilən İslam Oyunlarında Uşangi nəsə edə bilər. Hətta gələn olimpiya oyunlarında tam hazır və bura tam öyrəşmiş olacaq. Rio onun ilk olimpiya oyunları idi.

Yəni olimpiya oyunlarında təcrübəsi yox idi.

- Nazim müəllim, sizin oğlunuzun idmandakı durumu nə yerdədir?

- Oğlum da məşq edir. Keçən il respublika yarışında 3-cü yeri tutmuşdu. Gələn olimpiadada iradəsi olsa, hazırlaşsa, çıxarmaq niyyətindəyəm. Hətta gələn il islam oyunlarında da zədələri sağalsa çıxacaq.

Vaxtı ilə mən 60 kq-da güləşirdim. 10 kq salıb həmin çəkiyə düşürdüm. Oğlumu isə çəki salmağa qoymuram. 81 kq-da güləşir.

- Nazim Hüseynovun nəticələrini təkrarlayacaq idmançı varmı? Yaxın zamanda ola bilərmi?

- Allah qoysa olacaq. İdmançının özündən çox şey asılıdır. Mənim güləşdiyim vaxt çox çətin dövr idi. İndi bir Azərbaycan adına lisenziya qazanırsan. Bizim vaxtımızda isə SSRİ-də o qədər ölkə arasından lisenziya qazanmalı idik. Bu çox çətin idi.

Dediyim kimi idmançıdan çox şey asılıdır. Əsas odur "ulduz xəstəliyinə" tutulmayasan.
Bu günə kimi, çox şadam ki, Elnur Məmmədli də mənə çata bilməyib, uğurlarımı keçə bilməyib. Gərək o dünyada və Avropada ilk "3-lüy"ə çıxsın ki, mənə çatsın. O, idmanla tez vidalaşdı. Heyifslənirəm ki, o davam etmədi.

Gələn olimpiya Oyunlarında düşünrəm ki, biz iki qızıl medal gətirə bilərik.

- Bəs o qızıl medalçılar arasında öz oğlunuzu da görürsünüz?

- Hələlik bu barədə nə isə demək istəmirəm. Amma görürəm. Hazırda oğlum gənclərin yığmasında məşq edir. Oğlumun şəxsi məşqçisi mənəm. Həmçinin Hidayət Heydərovun da ikinci məşqçisiyəm. Ancaq oğlumun birinci məşqçisiyəm. Onun üstündə çox işləyirəm, gələn olimpiya oyunlarına hazırlaşdırıram.

Mən 23 yaşında olimpiya çempionu olmuşam. Oğlumun isə Pekin olimpiadasında 21-22 yaşı olacaq. Başqa idmançı kimi xarakteri var, iradəsi güclüdür.

- Hazırda Azərbaycan Cüdo Federasiyasında işiniz nədən ibarətdir?

- Hələlik regionlar üzrə kuratoram. Bütün bölgələrə mən baxıram. Hərdən gənclərin komandasında məşqçilik də edirəm.

İnşallah İslam oyunlarında məşqçilik fəaliyyətimi göstərəcəm.

Allah eləməmiş bu olimpiya oyunlarında nəticə olmasaydı, ola bilsin, məni baş məşqçi gətirəcəkdilər.

Aygün İlqarqızı
AzNews.az