12:32
(077) 610-22-33

“Qarabağ” Respublika stadionundan getsin - Rəzil durum

  • >
6 582 26 Avqust 2016 14:32 | İdman

Aydın BAĞIROV


"Qarabağ"a təkcə təbrik yox, həm də alqış düşür.

Gördünüz, Respublika stadionunun bərbad durumunu? O cür meydançada üç top fərqi ilə qalib gəlmək bir yana, öz yaradıcı oyun üslubunu qoruyub saxlamağı bacarmazdı hər komanda.

"Qarabağ" bacardı.

Bütün komandaya "afərin" deyək. Komanda qrupa düşüb.

Bəs sabahı düşünürük hec? Avroliqanın qrupunda daha çətin rəqiblərlə qarşılaşacağıq. O vaxta qədər bu meydançanı normal vəziyyətə gətirmək mümkün olacaq? Bir neçə ay əvvəl, stadionun qazonunu da deyil, bütün toprağını dəyişdilər. Stadionun rəhbərliyi dedi ki, əla olacaq hər şey!

Gördük dünən o "əla" durumu. Rəzil durumu...

Bu ölkədə, bu ölkəni qoyuram bir kənara, bu dünyada meydançalar üzrə mütəxəssis tapmaq belə çətin işdi? 5-10 manat artıq pul xərcləyib gətirin də. Necə olur axı, "Qəbələ"nin stadionunun, Bakıdakı Olimpiya stadionunun yaşıl örtüyü yaxşı vəziyyətdə olur, amma Respublika stadionunun deyil?

Bir meydançanın ot örtüyünü nə qədər dəyişmək olar?

Deyirlər, torpağa verilən suda da problem var. Başqa su xətti çəkin. Çətindi?

Dövlət hər il büdcədən nə qədər pul ayırır.

Qrup oyunları başlanana qədər meydançanın yaxşı vəziyyətə qaytarılacağına inamım çox azdı. Və bu durum komandanın gələcək mümkün uğurlarının qarşısında ciddi bir əngəldi. Necə ki, 2014-cü ildə Respublika stadionunun qazonunun bərbad vəziyyəti "Neftçi"nin başına oyun açmışdı ("Partizan"la Avroliqanın oyunu zamanı), eyni halla "Qarabağ"ın da üzləşməyəcəyinə kimsə zəmanət verə bilməz.

Köçməlidi "Qarabağ", UEFA-ya ehtiyat stadion kimi sifariş verdiyi Bakı Olimpiya Stadionuna köçməlidi. Heç olmasa, orada meydançanın durumu normaldı. Gedib orda oynasınlar. Düzdü, 70 minlik stadionu doldurmaq bu gün üçün real görünmür. Lap stadionun yarısı dolsun, amma "Qarabağ" Respublika stadionunun bostanında oynamasın.

Bağla X