08:13
(077) 610-22-33

“Məni eşitmirdi, görüş bitəndə gözü görmürdü” - Firdovsi Umudov

  • >
66 376 29 Avqust 2016 15:35 | İdman

Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarından vətənə 5 medalla qayıdan sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudovun AzNews.az-a müsahibəsi:


- Firdovsi bəy, komandanın ümumi nəticəsi sizi qane edirmi?

- Razıyam. Gedəndə də demişdim ki, 6 güləşçimizin hər birindən medal gözləyirəm. Dediyimdən bir medal əksik oldu. Cəmaləddin Məhəmmədov medalsız qaldı.
5:0 udduğu yerdə məğlub duruma düşdü. Ümid edirdik ki, Cəmaləddin həmin rəqibini udacaq.

Onun da uduzmasının əsas səbəbi zədə idi. Çünki diz bağlarında zədə problemi vardı. Bu da yarışda özünü göstərdi və o, medalsız qaldı. Komanda hesabında yığmamız 1-ci yerə çıxdı (Dünya Güləş Federasiyasının hesabına görə).

Doğrudan da gözəl nəticədir. Sözsüz ki, bu dəfə də qızıl medal istəyirdik. Hər bir idmançının arzusu idi qızıl qazansın.

Güləşçilərimiz həqiqətən də qızıl medala namizəd idilər. Amma unutmayaq ki, dünyanın ən tanınmış güləşçiləri belə Rioda medalsız qaldı.

- Bəs Hacı Əliyevin qızıl medal qazanmasına nə mane oldu?

- Hacı da çox çəki salmışdı. Bu da təsirsiz ötüşmədi. Hacının özünün də ani səhvi üzündən qızılı əldən verdik. Ondan da qızıl medal gözləyirdik. Hacı ilk dəfə idi ki, bu çəkidə mübarizə aparırdı. Onun üçün eyni nəticəni ilk üçlükdə planlaşdırmışdıq.

Hacı Əliyev yarımfinalda rəqibinə 4:3 hesabı ilə məğlub oldu. Elə böyük fərq yox idi. Üstünlük də Hacıda idi. Rəqib müdafiəyə üstünlük verirdi, Hacı Əliyev isə aktiv güləşirdi. Qızıl olmamasına rəğmən ümumi nəticəsi bizi razı saldı. İlk dəfə 57 kq çəki dərəcəsində Olimpiya Oyunlarında çıxış edib bürünc medal qazanmaq özü böyük nəticədir.



- Ötən olimpiadanın çempionları Şərif Şərifov və Toğrul Əsgərov ikinci dəfə bu titula sahib ola bilmədilər. Deyəsən yeni çəkisi Şərifova təsir edib...

- Artıq 4 il idi ki, Şərif o çəki dərəcəsində güləşmirdi. 97 kq-da beynəlxalq nəticələri var idi. Bundan sonra Federasiya rəhbərliyi və məşqçilər korpusu olaraq onu çağırıb başa saldıq ki, 86 kq-da lisenziyamız var, sən də bu çəkidə güləşəcəksən.

O, 97 kq-da çıxış etsə idi, biz Xetaq Qazyumovu ya da Şərif Şərifovun özünü itirməli olacaqdıq. O da bizim qərarla razılaşdı və çəkisini 86 kq-a saldı.

Şərifin rəqibi həmin çəkiyə oturuşub. İnanıram ki, gələn yarışlarda Şərif Şəriofov həmin rəqibi məğlub edə biləcək.

- Toğrul Əsgərovun final görüşü heç də ürək açan olmadı. Olimpiya çempionumuz Rioda finalda rəqibindən 1 xal belə ala bilmədi (11:0).

- Görüşün ilk saniyələrində mən heç nə başa düşə bilmədim. Toğrul artıq məni də eşitmirdi. O, əslində elə bir idmançıdır ki, güləşəndə onun bir qulağı məşqçidə olur.
Mən nə qədər onu çağırırdım özündə deyildi. O an anladım ki, nəsə olub.

O cür fəndləri də heç vaxt Toğrulun üzərində icra edə bilməyiblər. Görüş bitdikdən sonra onun baş hissəsində şişkinlik var idi. Çıxanda da dedi ki, gözlərim görmür, qolumdan tutun. Onun başqa narhatlığı yox idi.

- Bəs Xetaq Qazyumovu qızıldan nə ayrı saldı?

- Xetaq finalda məğlub olduğu rəqibi ilə tanışdır. O, 2 ay öncə beynəlxalq turnirdə həmin güləşçi ilə güləşib. Rəqib əsas güləşi ikinci hissəyə saxlamışdı. Amma rəqibi müdafiədə çox dayandı.

O yaşda bu cür gözəl güləş göstərməsi sözün əsl mənasında qəhrəmanlıqdır. Elə Cəbrayıl Həsənovun özü də qızıla layiq güləşdi.

- Medallarla bağlı federasiya nə deyir?

- Federasiya rəhbərliyinin hamısı Rioda bizimlə idi. Qələbələrimizi də, məğlubiyyətimizi də birlikdə yaşayırdıq. AGF rəhbərliyi hər an bizim yanımızda idi.

Sözsüz hamı qızıl gözləyirdi. Gümüş, bürünc medallar var idi qızıl medal da gözləyirdik. Çox görüşlərin taleyi axırıncı saniyələrdə həll olundu. Deməli qızıl qismətdə yox imiş.

Federasiya rəhbərliyi də təbrik etdi, nəticəyə görə razılığını bildirdi.

Komandalar 1 bürünc medal qazanmaq üçün can qoyurlar. Böyük əhalisi olan dövlətlər var idi ki, onlar ümumilikdə 3-4 medal qazandı. Bizim isə ümumi medal sayımız 18-dir.

Bu, bütün idmançılarımız uğurudur. 18 medalın 9-u Azərbaycan Güləş Federasiyasının payına düşdü.

- Sosial şəbəkələrdə sevincdən qışqırdığını zaman çəkilmiş bir şəkliniz paylaşılıb. Görmüsünüzmü?



- Heç o şəkildən xəbərim yox idi. Hansı görüşdə çəkilib, heç onu da xatırlamıram. O hissləri orada yaşamaq lazımdır.

Baxın indi sosial şəbəkələrdə idmançılarımızla bağlı bəziləri boş-boş ağlına və ağzına gələni yazırlar.

Hətta biz Bakıya qayıdanda hava limanında dedim ki, bu qələbəni bu il döyüşlərdə şəhid olan əsgərlərimizə həsr edirik. Elə olimpiadadan öncə də təlim-məşqlərdə də demişdim ki, bundan sonra bütün qələbələrimizi şəhidlərimizə həsr edəcəyik.

Çünki o döyüşlərdə bizim qardaşlarımız, dostlarımız, yaxınlarımız, igid oğullarımız qəhrəmancasına şəhid oldu.

Bəziləri kompüter arxasında oturub bir söz yazır. Deyirlər ki, qazandıqları pulu gətirib paylasınlar.

Mən şəxsən öz adımdan deyirəm ki, bu işə başlayanda nə vara görə, nə də pula görə etmişəm. İlk növbədə mənim vətənim Azərbaycana, bayrağıma və dövlət rəhbərimə sevgim olub.

Çünki biz müharibə dövrünün uşaqları olmuşuq. Qanlı mühairəbənin şahidi olmuşuq.
Lazım olsa, Ali Baş Komandanımız əmr versə günü sabah mən də, bütün güləş komandamız da cəbhə bölgəsində vuruşmağa gedəcəyik. Canımdan keçməyə hazıram.

Boş-boş danışan insanlara demək istəyirəm ki, bəs siz Azərbaycan üçün nə etmisiniz? Niyə bizim idmançılarımızın məğlubiyyətinə sevinirsiniz, düşmənin qələbəsini isə alqışlayırsınız?!

İstər Çunayevin, istər Toğrulun istərsə də digər idmançıların haqqında elə sözlər danışırlar ki... Ayıb olsun elə insanlara. Bu, yaxşı hal deyil.

Olimpiadanın hər medalı digər yarışlarda qazanılan qızıla bərabərdir.

Biz "vətənimiz, torpağımız, millətimiz" dedikdə söz üçün demirik. Mən istəyirəm ki, hamı patriot olsun. Vətənini, torpağını, millətini sevsin. O zaman qələbə bizim ayağımızın altında olacaq.

Aygün İLQARQIZI
AzNews.az
Bağla X