Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, Boks Federasiyasının baş katibi Nağı Səfərovun AzNews.az-a müsahibəsi: Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, Boks Federasiyasının baş katibi Nağı Səfərovun AzNews.az-a müsahibəsi:

“İranlılar ona təsir etdiyi üçün uduzdu” - Müsahibə

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, Boks Federasiyasının baş katibi Nağı Səfərovun AzNews.az-a müsahibəsi:


- Nağı müəllim, öncə taekvondoçularımızın Riodakı çıxışları haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Taekvondoçularımız 3 madal qazanmaqla Rioda tarix yazdı. Braziliyaya yollanan 4 idmançının hər birindən medal gözləyirdik, hər biri yaxşı mübarizə apardı, komanda ümidləri doğrultdu. Qızıl medalçımız Radikin hansı rəqiblərə necə qalib gəldiyini hamı gördü. Çox sərbəst, rahat döyüşdü. Özü də deyir ki, ən rahat görüşüm finalda oldu. Komandamız əziyyətinin bəhrəsini gördü.

- Milad Beiqi Harçeqaniyə ümidlər böyük idi.

- Miladı hər kəs dünyanın böyük, güclü idmançılarından hesab edir. Hətta onu Rioda "taekvondonun Messisi" adlandırırdılar.

Milad iranlı dünya çempionu Mehdi Xudabəxşiyə qalib gəldi (17:5). Ancaq onun uduzmağına səbəb psixoloji təsir - İran nümayəndə heyətinin bəzi üzvlərinin ona münasibəti, iranlı azarkeşlərin reaksiyası oldu. Çox təəssüf ki, Miladdan gözlədiyimiz nəticəni əldə edə bilmədik.

- Bir az da boksçularımızın çıxışından danışardınız. Yerli boksçuların çıxışı idmansevərləri heç də məmnun etmədi.

- Əslində onların çıxışını qənaətbəxş qiymətləndirirəm. Lorenzo Sotomayor sayəsində boks tariximizdə ilk dəfə olimpiadanın finalına qədər irəliləyə bildik, amma hakim haqsızlığını hər kəs gördü. Bütün dünyanın gözü qarşısında onun qızılı əlindən alındı.



- Taekvondoçumuz Fəridə Əzizovanın da döyüşündə hakim qərəzindən şikayət edildi.

- Əvvəlcədən hiss edirdik ki, bizə qarşı hakim ədalətsizliyi var. Amma London olimpiadası ilə müqayisədə daha güclü komandamız vardı deyə bilərəm.
Boksda bu ədalətsizliklər daha çox idi. Bizdən başqa dövlətlərin də boksçuları bu qərəzlə qarşılaşdı.

- Millimizin tərkibində idman üçün yaşlı idmançılar az deyil. Hətta bu yaxınlarda 4 boksçunun karyerasını bitirdiyini açıqlamısınız. Eləcə də Sotomayorun… Yəqin ki, onların yerinə yeni idmançılar gətiriləcək.

- Düzdür, Albert Səlimov, Lorenzo Sotomayor, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov millidən gedəcək.

Bundan sonra isə yerli çempionatlar, Azərbaycan çempionatı keçiriləcək. Bunun nəticəsinə əsasən yeni bir komanda formalaşdıracağıq. Bununla da 2020 Tokio Olimpiadasına hazırlaşacağıq.

Olimpiya yığmamızın bayraqdarı Teymur Məmmədovun özünün də fikri var ki, 81 kq çəki dərəcəsində uğur qazanmadığından, 91 kq-a qayıtsın.

Qeyd edim ki, Səlimovla Sotomayorun çəkilərində - 60 və 64 kq çəki dərəcələrində kifayət qədər güclü boksçularımız var. Çətinliyimizin ağır çəkilərdə - 91 kq və +91 kq-da ola biləcəyini düşünürəm.

Aygün İLQARQIZI
AzNews.az