15:31
(077) 610-22-33

“İnter”ə qarşı oynayacağımı heç arzulaya da bilməzdim“

  • >
768 6 Dekabr 2012 11:00 | İdman

"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsinin İtaliya "İnter"i ilə son oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"lə oyundan nə gözləyirsiz?

- Biz indi "Qarabağ"a məğlubiyyəti tam olaraq unudub "İnter"lə görüşə köklənməliyik. Mənə elə gəlir ki, Avropa Liqasındakı oyunumuz daha yaxşı alınacaq. Avroliqanın qrup mərhələsinə düşmək Azərbaycan futbolu və "Neftçi" üçün önəmli hadisədi. Ola bilər ki, avrokubok oyunlarına maksimum köklənməyə çalışdığımızdan çempionata bir o qədər də lazımi diqqət ayıra bilmirik. Lakin bu, bizim üçün ilk dəfə qazandığımız bir təcrübədi. Bir neçə cəbhədə mübarizə aparmağı öyrənməliyik. "İnter"lə oyundan da yaxşı oyun gözləyirəm. Demirəm qələbə qazanacağıq. Çünki "İnter"i səfərdə yenmək çox çətindi. Lakin ən azından yaxşı futbol sərgiləmək istəyirik. Bizə qol vurmaq lazımdı.

- Milanlılar meydana heç də optimal heyətlə çıxmayacaqlar...

- Bizə qarşı təcrübəli bir komanda oynayacaq. Şəxsən mənim mövqeyimdə Conatan çıxış edir. "Partizan"ın qapısına vurduğum qoldan sonra "Bakı" ilə görüşdə də fərqləndim. Belə qollar məndə həmişə özünəinamı daha da artırır.

- Sizin qarşınızda geniş meydan olanda daha yaxşı təsir bağışlayırsız. Amma rəqib futbolçular sizi addım-addım izlədikdə sanki oyundan düşürsüz...

- Azərbaycan çempionatında hərəkət etmək mənə çox çətindi. Çünki mənim mövqeyimdə birdən-birə iki futbolçu çıxış edir. Ona görə də mövqeyimi dəyişməli oluram, cinahlara keçirəm.

- "Cüzeppe Meatsa"da da elə olacaq?

- Fikrimcə, burda məni Premyer Liqadakı kimi bağlamazlar. Onlar Bakıda bizə üç qol vurmuşdular. Biz isə ələ düşən şansları dəyərləndirə bilməmişdik. Milanda belə etməməliyik.

- Milanda meydana çıxmaq sizin üçün şansdı?

- Azərbaycana gələndə "İnter"ə qarşı oynayacağımı heç arzulaya da bilməzdim. Amma indi "Cüzeppe Meatsa"da matça çıxacağam.

- Avroliqada "Neftçi"nin bombardiri olacaqsız, yoxsa Kanales?

- Mən bunun əleyhinə olmazdım. Amma problem yoxdu. Əgər imkan düşsə, Kanalesə ötürmə etməyə də hazıram (gülür). Ciddiyə qalsa, kimin qol vurmasının fərqi yoxdu. Əsas komandanın uğurudu.

AzNews.az
Bağla X