21:04
(077) 610-22-33

Ermənistan Bakıdakı Avropa Oyunlarına qatılacaqmı?

  • >
287 11 Dekabr 2012 12:12 | İdman

“Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyi ilə bağlı qərar Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb

"Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyi ilə bağlı qərar Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanıb. Ölkə prezidenti İlham Əliyev də televiziya vasitəsilə xalqımızı təbrik edib və bu qərarın əhəmiyyətindən danışıb". APA-nın məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bildirib ki, Avropa Oyunları Azərbaycana bir çox cəhətdən faydalı olacaq: "Bunun üçün lazımi infrastruktur yaradılmalıdır. Oyunları keçirmək üçün qanunvericilik ümumdünya standartlarına uyğunlaşdırılmalı, Bakının nəqliyyat sistemi yenidən qurulmalıdır. Biz təşkilatçı ölkə kimi bütün növlərdə iştirak etmək hüququna malikik. Olimpiya Oyunları keçirilən şəhərdə həmişə fərq hiss olunur. Digər tərəfdən, 2017-ci il İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilə bilər. Düzdür, bu barədə hələlik rəsmi təsdiq almamışıq. Bu qərarın yayda verilməsi gözlənilir. Ümid edirəm ki, İslam Oyunları da Bakıda keçiriləcək. Avropa Oyunlarının təşkili İslam Oyunlarının keçirilməsini asanlaşdıracaq. Çünki mahiyyət etibarilə bunlar eyni tədbirlər olacaqlar. Bir çox məsələlərdə hər iki tədbir üçün hazırlıq işləri görəcəyik. Məsələn, könüllülər, idman qurğuları, akkreditasiya hər iki tədbir üçün keçərli olacaq. Əminəm ki, Avropa Oyunlarından sonra Bakı yeni həyata qədəm qoyacaq".

Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İtaliyanın paytaxtı Romada keçirilmiş konqresindəki səsvermədən öncə Ermənistan tərəfinin yenə adəti üzrə davrandığını bildirib: "Ermənistan Olimpiya Komitəsi səsvermədə iştirakdan imtina etdi. Nəticədə səsvermədə 49 olimpiya komitəsindən 48-i iştirak etdi. Amma bu, Avropa Oyunlarında Ermənistanın iştirak etməyəcəyi anlamına gəlmir. Buna özləri qərar verəcəklər, biz də bütün iştirakçıların təhlükəsizliyinə təminat verəcəyik".

Avropa Oyunlarının əhəmiyyətinə toxunan MOK rəsmisi bildirib ki, bu tədbirin Azərbaycana həvalə olunması gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradıb: "Bizə əvvəllər tutulan yeganə irad ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. İndi isə belə bir irad səsləndirmək mümkün olmayacaq. Digər tərəfdən, Patrik Hikkinin fikri var ki, Avropa Oyunlarından Yay Olimpiya Oyunlarına lisenziya verilsin".

Qeyd edək ki, Avropa Oyunlarının konkret tarixi hələ müəyyənləşməyib: "Amma artıq indidən tədbirin 2015-ci il iyunun ikinci yarısında olacağı dəqiqdir. 2015-ci ildə gənclər arasında Avropa Olimpiya Festivalı da keçirilməlidir. Tarixlərin toqquşmaması üçün Avropa Oyunlarının iyunda keçirilməsi qərara alınıb. Bakıdakı hava şəraiti də iyun üçün daha əlverişlidir".

AzNews.az
Bağla X