02:53
(077) 610-22-33

Formula 1 Azərbaycana nə vəd edir? - 4 başlıca səbəb

  • >
5 668 6 Fevral 2017 15:57 | İdman

Ötən il Formula 1 Oyunları izləmək üçün Azərbaycana 49 ölkədən təxminən 15 000-ə yaxın turist gəldi.

Ötən il Azərbaycan ilk dəfə Formula 1 kimi mötəbər yarışa ev sahibliyi etdi. Bakıda belə bir nüfuzlu idman yarışının keçirilməsi böyük maraqla qarşılandı. Bütün dünya üzrə satışa çıxarılan 30000 biletdən 25000-i satıldı. Bunlardan 70 faizini yerli turistlər, 25 faizini isə xaricilər aldılar.

Bəs belə bir yarışın ölkəmizdə keçirilməsini əhəmiyyətli edən nədir?

Ölkənin tanıdılması üçün geniş imkanlar

Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin geniş miqyasda tanınması üçün çox sayda imkanlar yaradır. Məlum olduğu kimi, Formula 1-in dünya üzrə milyonlarla pərəstişkarları var. Bu qədər insanın paytaxtımızda keçirilən Qran Prini izləməsi Azərbaycanın sosial şəbəkələrdə, mətbuatda müzakirə olunmasına səbəb olur. Bu isə beynəlxalq ictimaiyyətin Azərbaycana olan diqqətinin artmasına şərait yaradır. Burada eyni zamanda Azərbaycan mətbəxinin tanıdılmasından da söhbət gedir. Belə ki, ötən ilki Bakı Qran Prisində də Azərbaycana gələn turistlər arasında milli mətbəxə maraq çox yüksək olub.

Turistləri cəlb etmək üçün əla fürsət

Formula 1-i izləmək üçün ölkəmizə gələn turistlər buradakı inkişafı böyük maraqla qarşılayırlar. Onlar bir dəfə gəldikləri ölkəyə sonradan təkrar-təkrar gəlməyə başlayırlar. Azərbaycanda 2011-ci il turizm ili, 2012-ci il də idman ili elan olunub. Həmin illər ərzində idman və turizm sahəsində bir sıra əsaslı dəyişiklər edilib. Bu cür nüfuzlu beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın idman turizmindən yüksək gəlir əldə etməsinə də şərait yaradır. “Formula 1” yarışması Bakının bütün gözəlliklərini dünyaya nümayiş etdirməyə imkan yaradır. Bundan əlavə ölkəyə gəlməyib, sadəcə yarışları izləyən insanlar da var ki, şəhərin gözəlliyi onları da biganə qoymur. Məlum olduğu kimi, “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var. Bu qədər insanın diqqətinin yarış zamanı Bakıda olması sadəcə sevindirici haldır.

Yerli sakinlər üçün möhtəşəm yarış izləmək imkanı

Ölkəmizdəki Formula 1 pərəstişkarları üçün ölkədən kənara çıxmadan, əlavə xərc çəkmədən (viza, uçuş bileti, hotel xərcləri və s) belə mötəbər yarışı izləmək imkanı da olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda gənclərin gələcəkdə idmanın bu növü ilə maraqlanmalarına da səbəb olur. Lakin bu da son deyil. Ötən ilki Bakı Qran Prisində 1000 nəfər yerli sakini oyunlarda Marşal kimi iştirak edib. Beləliklə, onlar yarışı oyunların tam mərkəzində izləmək, hətta təşkilatçılığın, tədbirin bir parçasına çevrilmək şansı əldə ediblər.

İdmanın inkişafına verilən təkan

Formula 1-in əhəmiyyətindən bəhs edərkən, belə bir yarışın ölkəmizdə idmanın inkişafına verdiyi töhfədən danışmamaq olmaz. Azərbaycanın belə bir mötəbər yarışa ev sahibliyi etməsi ölkəmizdə idmana olan diqqət və qayğını ön plana çıxarır. Formula 1-in ölkəmizdə keçirilməsi mütəmadi olaraq beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda idmanın bu növünün də inkişaf etməsinə şərait yaradır.

Aydan Axundova

AzNews.az

Bağla X