Bu gün “Neftçi”nin yaranma günüdü. Bu gün “Neftçi”nin yaranma günüdü.

80 yaşlı “Neftçi”

Bu gün “Neftçi”nin yaranma günüdü.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, 1937-ci ildə yaranan komandanın bu gün “İnter”lə baş tutacaq görüşü də həmin tarixə uyğun vaxtda başlayacaq. Belə ki, Premyer Liqanın XXIII tur matçının start fiti saat 19:37-də veriləcək.

Qarşılaşma zamanı klubun sadiq azarkeşləri də, komanda da bu əlamətdar tarixi qeyd edəcək.

1937-ci ildə yaranan və 1968-ci ilədək “Neftyanik”, sonra isə indiki kimi “Neftçi” adlanan komandanın ilk sınağı həmin vaxt keçirilən SSRİ kubokunda olub. 1937-ci il mayın 24-də Bakıdakı “Dinamo” stadionuna Yerevanın “Dinamo” komandasını məğlub edən təmsilçimizə qələbəni Pavel Ştirlinin qolu qazandırıb. Bu, “ağ-qaralar”ın tarixində ilk top olub. Ardınca isə bakılılar SSRİ çempionatının Q dəstəsində mübarizə aparıb.

İttifaqın dağıldığı 1991-ci ilədək “ağ-qaralar” 48 mövsüm müxtəlif yarışlarda qüvvəsini sınayıb. Təmsilçimiz çempionatda 47 mövsüm oynayıb ki, bunun 27-si yüksək, 19-u birinci (B sinfi; ikinci qrup adlanıb), 1-i isə ikinci aşağı dəstə (Q dəstəsi adlanıb) olub. “Neftçi”nin bu dövrdəki ən böyük uğuru 1966-cı ildə qazanılan bürünc medaldı.

SSRİ kubokunda 44 mövsüm keçirən Bakı klubunun ən böyük nailiyyəti yarımfinaldı. 1967, 1968, 1970 və 1971-ci illərdə finalın bir addımlığında olan komanda bu mərhələdə “ilişib”. Maraqlıdı ki, 1938-ci il mövsümündə “Neftçi” kubokda oynasa da, çempionata qatılmayıb. Ona görə də, çempionatda 47, kubokda 44, ümumilikdə isə 48 mövsüm alınıb.

İttifaq dövründə “Neftçi” daha bir yarışda - Federasiya kubokunda qüvvəsini sınayıb. Üç dəfə qatıldığı turnirin finalınadək irəliləyən klub 1988-ci ildə yalnız həlledici matçda uduzub. Güclülər dəstəsi ilə 1-ci dəstə arasındakı keçid turnirini də nəzərə alsaq, “Neftçi” SSRİ dönəmində 1626 oyun keçirib.

1992-ci ildən müstəqil Azərbaycan çempionatları və kubokunda debüt edən “flaqman” hər iki yarışda 25-ci dəfə qüvvəsini sınayır. 3 dəfə də ölkə Superkubokunda çıxış edən paytaxt təmsilçisinin bir sıra uğurları var.

Azərbaycanın ən titullu komandası çempionatda 8 dəfə qızıl (1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13), 2 dəfə gümüş (2000/01, 2006/07), 5 dəfə bürünc (1994/95, 1998/99, 1999/2000, 2005/06, 2007/08) medala yiyələnib. 15 medala kubokun 10 finalını da əlavə edən “ağ-qaralar” 6 dəfə həlledici matçın qalibi (1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14) olubsa, 4 dəfə “gümüş”lə (2000/01, 2011/12, 2014/15, 2015/16) kifayətlənib. Hesabında 2 Superkubok (1993, 1995) olan bakılılar bir dəfə (2013) də burda yenilib.

Müstəqillik dönəmi ilə beynəlxalq arenaya yolu açılan “Neftçi” avrokuboklar və “Birlik kuboku”nda çıxış edib. Sonuncu turnirdə 2005-ci ildə finala çıxan ilk Azərbaycan komandası kimi tarixə düşən bakılılar 2006-cı ildə yarışın qalibi kimi ölkəmizə ilk “Birlik kuboku”nu gətirib. Hər iki turnirdə finala gedən yolda Ermənistan “Pünik”i ilə prinsipial oyunlar tarixə düşüb. 2005-ci ildə 2:0 hesabıyla qalib gələn “Neftçi” bir il sonra rəqibin qaçması ilə texniki qələbə əldə edib.

Azərbaycana avrokuboklarda ilk xalı (1995/96. Kuboklar kuboku. APOEL, Kipr – 0:0) və ilk qələbəni (1996/97. UEFA kuboku. “Lokomotiv”, Sofiya, Bolqarıstan – 2:1) qazandıran “Neftçi”nin ən böyük zəfəri 2012/13 mövsümünə təsadüf edib. Avropa Liqasında qrupa düşən ilk Azərbaycan klubu adını da “Neftçi” həmin vaxt əldə edib. Ümumiyyətlə, komanda ölkə çempionatı, kuboku və Superkubokunda təkcə titul sayında deyil, digər göstəricilərdə də bir sıra rekordların müəllifidi.

Maraqlıdı, görəsən “Neftçi” 80 ildə neçə oyun keçirib, neçə qələbə qazanıb, neçə qol vurub? Təbii ki, bu rəqəmləri bilənlər barmaqla sayılacaq saydadı. Bütün turnirləri nəzərə alsaq, bakılılar SSRİ və müstəqillik dönəmində üst-üstə 2566 oyun keçirib.

80 ili əhatə edən 29 min 220-ci gündə 2567-ci matç “İnter”lə olacaq. Bu oyunlardan 884-ü SSRİ çempionatının güclülər, 274-ü birinci, 248-i B, 56-sı ikinci, 11-i Q dəstəsində baş tutub. Keçid turnirində 6, kubokda 127, federasiya kubokunda 20 matçda qüvvəsini sınayan komanda Azərbaycan çempionatında 715, kubokunda 147 qarşılaşmada iştirak edib. 3 Superkubok, 19 “Birlik kuboku” oyunu ilə yanaşı, 56 avrokubok görüşü də olub.

Bu müddət ərzindəki matçlarda “ağ-qaralar” ümumilikdə 1103 qələbə qazanıb. 655 heç-heçə edən bakılılar 808 dəfə məğlub olub. 3659 qol vuran “Neftçi” 2841 top buraxıb.

Bu matçlarda “ağ-qaralar”ın ən çox oyun keçirən futbolçusu Sergey Kramerenkodu – 412 matç. Klub tarixinin bombardiri Samir Ələkbərov “Neftçi”nin 142 qoluna imza atıb.

“Neftçi” 80 il ərzində bir sıra yığmalara da futbolçu verib. SSRİ-nin əsas yığmasında təmsilçiləri 72 oyuna çıxıb. Onlar arasında rekordçu Anatoli Banişevskidi – 50 oyun. 20 qol vuran hücumçumuz AVRO-1972-nin gümüş mükafatçısı və DÇ-1966-nın yarımfinalçısıdı.

Klubun yetirmələri Azərbaycan millisində digər komandalardan çox – 699 matç keçiriblər. Yığmamızın kapitanı Rəşad Sadıqov “Neftçi”nin üzvü kimi digərlərindən daha çox – 35 dəfə milli formanı geyinib. Bundan başqa, Avropada Estoniya, Makedoniya, Moldova və Litva yığmalarına da oyunçu ezam edilib.