10:20
(077) 610-22-33

Fişəng yandırdığına görə 7 azarkeşə hökm oxundu

  • >
874 13 Fevral 2013 18:07 | İdman

Futbol üzrə Topaz Premyer Liqasında XIX turun fevralın 11-də keçirilmiş "Xəzər Lənkəran"-"İnter" matçı zamanı yerli "Green Gate" fan-klubunun üzvləri tribunada polislər tərəfindən saxlanılıb. Bu haqda Lent.az-a fan-klubun İdarə Heyətinin üzvü Cavid Nəcəfli məlumat verib.

"Oyunun 83-cü dəqiqəsində polislər fan-klubumuzun üzvlərinin yandırdıqları məşəlləri onların əllərindən almağa çalışdılar. Bu zaman məşəl oturacağın üstünə düşdü. Oturacaq yanmağa başladı. Daha sonra məşəl meydanın kənarında asılan pankartı da yandırdı".

Fan-klub fəalının sözlərinə görə, polislər "Green Gate"nin 5 üzvünü – Əmrəli Hüseynli, Tural İbadov, Kamal Hüseynli, Anar Eyyubov və Məsimini (soyadını xatırlaya bilmədi – E.M.) tutublar. Onların hər birinə 3 sutka həbs cəzası verilib.

Lənkəran şəhər Mərkəzi stadionunun direktoru Höccət Hacıyev Lent.az-a azarkeşlərin həbsindən xəbərsiz olduğunu desə də, oyun vaxtı qapı arxasında insidentin baş verdiyini təsdiqləyib. O bildirib ki, azarkeşlərə stadiona yandırıcı maddələrlə və digər yad əşyalarla gəlməməsinə dair dəfələrlə xəbərdarlıq edilib. Hətta Hacıyev bir neçə dəfə stadionda tutulan fanatları Lənkəran rayon Polis Şöbəsindən buraxdırdığını açıqlayıb. Lakin bu dəfə stadion direktoru heç bir kömək edə bilməyəcəyini deyib: "Lənkərana yeni rəis təyin olunub. O, məni çağıraraq, oyunlar vaxtı azarkeşlərin stadiona yandırıcı və digər yad əşyalarla daxil olmasının yolverilməzliyini deyib. Biz də azarkeşlərə bu barədə dəfələrlə xəbərdarlıq etmişik. Amma belə hallar yenə davam edir. Tribunada elə hərəkətlərə yol verənlər "Xəzər Lənkəran"ın rəsmi fan-klub üzvləri deyil. Azarkeşlərin meydana yad əşyalarla daxil olmasının qarşısını asayiş keşikçiləri almalıdırlar".

Lənkəran şəhər Polis İdarəsindən isə Lent.az-a bildirilib ki, oyun vaxtı 5 yox, 7 nəfər saxlanılıb. Səbəb azarkeşlərin ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətlərinə yol vermələri olub. Onların hər birinin işi Lənkəran məhkəməsinə verilib. Məhkəmə azarkeşlər barəsində inzibati həbs cəzası tətbiq edərək, Lənkəran şəhər polis şöbəsinə göndərib.

Azarkeşlər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ("Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə") ilə ittiham olunublar. Şöbədən tutulanların şəxsiyyətləri açıqlanmasa da, onlara 2 gündən 7 günədək olmaqla, müxtəlif müddətli həbs cəzalarının kəsildiyi bildirilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" – "İnter" matçı 2:3 hesabı ilə nəticələnib.

AzNews.az
Bağla X